!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni vergi sistemi: dövlətin qazancı məlum, bəs ödəyicilər nə əldə edəcəklər?

!Reklam – Yazi

manatÖtən gün Vergilər naziri Fazil Məmmədov Milli Məclisdə Vergilər Məcəlləsinə ediləcək dəyişikliklər barədə məlumat verib. Bildirib ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Və bu hüquqla onlar fiziki şəxs kimi aylıq sabit məbləğ, yəni 30 manat ödəyəcəklər.

Bundan başqa, fərdi foto, audio-video xidmətləri ( foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 30 manat ödəyəcək.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan çəkməçi, pinəçilər isə sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 5 manat ödəyəcək.

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, eləcə də fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlərlə məşğul olanlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 10 manat ödəyəcək.

Naqqaşlıq emalatxanalarının fəaliyyəti üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 20 manat ödəyəcək.

Bütün bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5 əmsalları tətbiq edilməklə müəyyən edilir.

Bu o deməkdir ki, Bakıda toya gedən müğənni ayda 30×2=60 manat, bu işi Gəncə, Xırdalan və Sumqayıtda edənlər 30×1,5= 45 manat, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində edənlər 30×1= 30 manat, qalan regionlarda – tutalım ki, Tovuzda eyni işi görən müğənnilər isə 30×0,5 = 15 manat vergi ödəyəcəklər. Yaxud Bakıda uşaqlara baxan dayələr ayda 10×2=20 manat, Gəncə, Xırdalan və Sumqayıtdakı dayələr 10×1,5= 15 manat, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərindəki dayələr 10×1= 10 manat, qalan regionlardakı dayələr isə 10×0,5 = 5 manat vergi ödəməli olacaqlar.

Qeyd edim ki, yuxarıda adları sadalanan sahələrdə çalışan şəxslərin vergiyə cəlb olunması normal prosesdir. Yəni hər hansı sahədə işləyib, gəlir əldə edirsənsə, gəlirindən vergi ödəməlisən – bu, normal iqtisadiyyatın aksiomudur. Azərbaycanda illərdən bəridir bu sahədə nələrsə edilir, yuxarıda qeyd olunan kateqoriyaların vergiyə cəlb olunması üçün müxtəlif variantlar sınaqdan çıxarılır. Lakin hələlik uğurlu nəticənin əldə olunduğunu söyləmək mümkün deyil. Nəticədə, sayı yüz minlərlə olan dayələr, tikinti ustaları, təmirçilər, xəstə baxıcıları və digərləri vergi ödəmədən fəaliyyət göstərirlər.

Bu sahədə xarici təcrübəyə nəzər yetirsək, görərik ki, adları çəkilən bütün fəaliyyət növləri müxtəlif üsullarla vergiyə cəlb olunur. Məsələn, Avropada dayə xidmətinin təşkili ilə xüsusi şirkətlər məşğul olur – uşağına dayə tutmaq istəyən şəxslər həmin firmalara müraciət edir, firma ilə müqavilə bağlayır və dayənin xidmət haqqı məhz o firmalara ödənilir. Yəni uşaq sahibi dayəyə birbaşa vəsait ödəmir: pulu firmaya ödəyir, firma isə onu maaş şəklində – bütün vergiləri, sosial ayırmaları həyata keçirməklə dayəyə çatdırır. Bu zaman prosesin iştirakçısı olan dörd tərəfin dördü də istədiyini əldə edə bilir: valideyn firmanın zəmanəti ilə professional dayə xidməti, dövlət ona çatası vergini, firma nəzərdə tutduğu gəlirini, nəhayət, dayə özünə zəruri olan sosial təminatı əldə edir.

Yenə də Avropa təcrübəsinə nəzər yetirdikdə təmirçilərin, fotoqrafların, pinəçilərin – xırda sahibkarlıqla məşğul olan şəxslərin birmənalı şəkildə vergi ödəyicisi kimi uçota alındığını görmək olur – hansısa bir Avropa ölkəsində sahibkar kimi qeydiyyatın olmadan ayaqqabı, yaxud saat təmiri dükanı aça bilməzsən. Müğənni və digər toy xidmətlərini də vergi ödəmədən həyata keçirmək mümkünsüzdür.

Son açıqlamalardan aydın olur ki, bu dəfə hökumət xırda vergi ödəyiciləri ilə bağlı Rusiya təcrübəsindən bəhrələnmək niyyətindədir.

Bu barədə təkliflərlə xeyli müddət əvvəl çıxış edən iqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrulun sözlərinə görə, Rusiyada 2012-ci ildən etibarən sadələşdirilmiş verginin patent növündən çox uğurla istifadə olunur: “Ölkə qanunvericiliyinə əsasən, patent vergisi ilə işləmək istəyən fərdi sahibkarların illik gəlirinin maksimum məbləği onların qeydiyyatdan keçdiyi ərazi üzrə fərqlənir. Məsələn, bu hədd Moskva vilayətində ildə 60 mln. rubl, Buryatiyada isə 1 mln. rubl müəyyənləşdirilib.”

Həmsöhbətimiz deyir ki, istənilən sistemin müsbət və mənfi tərəfləri mövcuddur:
“Fərdi sahibkarlar üçün patent vergisinin tətbiqinin əsas məqsədi kiçik biznesin inkişafı və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün daha əlverişli şəraitin yaradılmasıdır. Bu vergi sistemi vergi hesabatları ilə bağlı prosedurların sadələşdirilməsini nəzərdə tutur. Bu sistemdə kassa və mühasibat uçotu aparılmasına və gəlir bəyannaməsinin təqdim olunmasına ehtiyac qalmır. Bundan başqa, patent vergisinə keçid və əvvəlki sistemə (geriyə) qayıdış könüllüdür. Sadəlik və şəffaflıq patentin hesablanmasının əsas formuludur. Əgər fərdi təsərrüfat subyekti illik patent alarsa, o halda vergi orqanları həmin fərdi sahibkarın gəlir və xərclərinə nəzarət etmirlər, bu halda da sahibkarlarla vergi müfəttişlərinin ünsiyyətləri azalır. Bu da kiçik sahibkarlığın inkişafına mane olan inzibati baryerlərin azalmasına gətirib çıxarır”.

Azərbaycanda tətbiq olunacaq yeni sistemin detalları hələ açıqlanmayıb. Məlum olan yalnız ödəniləcək verginin məbləği və hesablanma əmsalıdır. Nazirlik, məsələn, dayələri vergiyə necə cəlb edəcək? Axı müğənninin hansı restoranda oxuduğunu, saatsazın, pinəçinin, fotoqrafın işlədiyi yeri tapmaq asandır. Amma hansı evdə dayə, xəstə baxıcısı olduğunu necə müəyyənləşdirəcəklər? Bu kimi suallar açıq olaraq qalır. Digər tərəfdən, vergiyə cəlb olunacaq insanların sosial təminatı necə olacaq? Dövlət özünə çatanı – vergini alacaq, bəs bu insanların gələcəyi üçün zəruri olan pensiya təminatı necə həyata keçiriləcək?

Hesab edirəm ki, bu kateqoriya insanları vergi ödəməyə stimullaşdırmağın bir yolu da məhz sosial təminat məsələsi ola bilər. Bunun üçün vergi ödəyəcək şəxslərin ödənişlərinin bir hissəsinin pensiya kapitalı kimi hesabına yatırılması sistemi yaradılmalıdır. Rəsmi iş yeri olmayan insanlar ödədikləri məbləğin bir qisminin öz gələcəkləri üçün toplandığını bilsələr, vergi ödəyicisi kimi uçota durmaqda özləri maraqlı olacaqlar.

Dünya Sakit
Yenicağ.Az

www.yenicag.az

987
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv