Yeni xəbər saytı açıldı – Sabah.az

Azərbaycanda sabah.az adlı ictimai-siyasi xəbər portalı fəaliyyətə başlayıb.

Bu barədə “5 Media” şirkətinin rəhbəri Mirhacib Məcid məlumat verib. O bildirib ki, sabah.az şirkətin 3-cü media layihəsidir.

“Mətbuat sahəsindəki 12 illik fəaliyyətimizi sabah.az xəbər portalı ilə davam edirik. Bundan öncə yaratdığımız media resurslar hazırda ölkənin ən çox oxunan saytları sırasındadır. İnanırıq ki, sabah.az da qısa zamanda Azərbaycanın ən sanballı xəbər saytlarından birinə çevriləcək” – deyə Mirhacib Məcid qeyd edib.

Qeyd edək ki, “5 Media” şirkətinin tərkibinə Sabah.az-la yanaşı, məşhur Axşam.az və Qol.az portalları, Azərbaycanın ən böyük 2-ci “Facebook” səhifəsi, İnstaqram sosial şəbəkəsində isə 346 min izləyicisi olan səhifə daxildir.

Qol.az – İdman portalı 2008-ci ilin noyabrın 17-də oxucularla görüşə gəlib. Dünyanın ən etibarlı sayğac sistemi olan “Google Analytics”in göstəricilərinə əsasən, Qol.az Azərbaycanın ən çox oxunan idman saytıdır. Gün ərzində 20 mindən çox oxucu idman, xüsusilə futbol xəbərləri əldə etmək üçün məhz Qol.az-ı seçir.

Axşam.az – 2012-ci ilin dekabrın 21-dən etibarən fəaliyyət göstərir. Portal ölkədə və dünyada baş verən maqazin, dəb, mədəniyyət və incəsənətlə bağlı son xəbərləri işıqlandırır, tanınmış insanlarla müsahibələr yayımlayır. Saytın gündəlik oxucu sayı 45-50 min unikal İP arasındadır.