Yeni yaradılacaq mini postlar: Kim nəzarət edəcək? – ŞƏRH

“Mini gömrük postuna rus sülhməramlılarının nəzarət edəcəyi fikirləri yanlışdır”.

Bunu rus sülhməramlı kontingentinin rəhbəri general-mayor Andrey Volkovun açıqlamasına münasibət bildirən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ölkəmizin aidiyyəti qurumlarının Qarabağa səfərindən sonra vəziyyət dəyişdi:

“Rus sülhməramlı kontingentinin rəhbəri general-mayor Andrey Volkov mətbuata açıqlamasında Azərbaycanla danışıqlardan sonra mini gömrük postlarının yaradılacağını bildirib. Hazırkı vəziyyətdə əsas məsələ həmin postlara kimin nəzarət etməsi ilə bağlıdır. Yaradılacaq gömrük postlarına nəzarəti Azərbaycan öz üzərinə götürməlidir.

Azərbaycan tərəfinin istəyi Laçın dəhlizi vasitəsilə keçidi təmin olunan qeyri-qanuni yükdaşımalarına son qoyulması, Azərbaycanın nəzarəti altında bölgəyə keçirilən yüklərin təftiş olunmasıdır.

Volkov açıqlamasında xüsusi texniki vasitələri olmadığı üçün bölgəyə qanunsuz silah keçirilə biləcəyini açıq şəkildə etiraf edib. Açıqlamadan dərhal sonra səsləndirilən mini gömrük postuna rus sülhməramlılarının nəzarət edəcəyi fikirləri yanlışdır. Azərbaycana maraqlı olan əsas məsələ təhlükəsizliyin təmin olunması və mineral ehtiyatların daşınmasına son qoymaqdır”.

Nəsimi Ələsgərli