Yeni yaradılan Xankəndi Universitetinə TƏLƏBƏ QƏBULU: “Yataqxananın inşası və infrastruktur işləri…”
“Qarabağ Universitetində də tələbə qəbulu mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçiriləcək”.
Bu fikirləri Prezident İlham Əliyevin sərəncamı əsasında Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasını dəyərləndirən təhsil ekspert Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, yeni təsis olunan universitet artıq 2024-2025-ci tədris ili üçün tələbə qəbul prosesini həyata keçirəcək:
“Dövlət başçısının müvafiq sərəncamı əsasında əvvəlki dövrlərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filialı olaraq fəaliyyət göstərən Xankəndi Dövlət Universiteti artıq mövcudluğunu yeni adla – Qarabağ Universiteti kimi davam etdirəcək.
Həmin universitetin tələbə qəbulu da digər xüsusi və ali təhsil müəssisələrində olduğu kimi, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, təşkil ediləcək.
Nəticə etibarilə, o universitetə də tələbələrin qəbulu Dövlət İmtahanı Mərkəzi tərəfindən həyata keçiriləcək və abituriyentlərə bütün ixtisas qrupları üzrə seçim imkanı yaradılacaq.
Fikrimcə, başqa universitetlərdən Xankəndi Universitetinə tələbələrin köçürülməsi məsələsi hələ ki gündəmdə deyil. İlkin olaraq nəzərdə tutulur ki, sözügedən universitetin ərazisində yataqxananın inşası və infrastrukturun yaxşılaşdırılmasına yönəlik işlər yekunlaşdırılsın. Yalnız bundan sonra 2024-2025-ci tədris ili üçün tələbə qəbulu həyata keçiriləcək”.
Nuray Məmmədzadə