!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yeni yaranan qurumun naməlum sponsoru... - VİDEO

!Reklam – Yazi

Bildiyimiz kimi bu yaxınlarda Azərbaycanda yeni idman qurumu – Futnet Assosiasiyası fəaliyyətə başlayıb. Assosiasiyanın təqdimatı martın 4-də baş tutub.

Böhran vaxtı yaradılan federasiya və maliyyə məsələləri ilə bağlı qurumun mətbuat katibi Araz Əhmədov Yeniçağ.az-a danışıb.

– Məlumdur ki, bu gün ölkədə bir çox idman federasiyalarında maliyyə sıxıntısı var. Hətta bəzi klublar, qurumlar fəaliyyətini dayandırıb. Bu durumda futneti kimin hesabına maliyyələşdirməyi düşünürsünüz? Futnet Assosiasiyası necə və kim tərəfindən maliyyələşəcək?

– Əsas məqsəd belə bir Assosiasiyanın yaradılması idi. Bu idman növü dünyada çox populyardır. 1920-ci illərdən Avropada futnet üzrə yarışlar keçirilir. Bizdə bu idman növünün olması çox yaxşı haldır. Maliyyə məsələsinə gəldikdə isə Assosiasiyamızın tərkibində sponsorların cəlb edilməsi üzrə xüsusi komitə fəaliyyət göstərir. Düşünürəm ki, sponsorların cəlb edilməsi ilə maliyyə məsələsini yoluna qoyacağıq.

– Sponsor öz yerində… Bu gün federasiyaların, idman qurumlarının demək olar ki, hamısı vəzifəli şəxslərin (deputat və nazirlərin) kurasiyasındadır. Bəs sizin federasiyada rəhbər dedikdə əsas kimin adı çəkilir?

– Futnet Assosiasiyasının prezidenti Vüqar Xəlilovdur. O, həm də “Marafon” İdman klubunun təsisçisidir. İcraiyyə Komitəsinin üzvləri isə müxtəlif şəxslərdir.

– Qurumun hazırki maddi ehtiyaclarını necə ödəyirsiniz? Vüqar Xəlilovun şəxsi hesabına?

– Tamamilə doğrudur. Çünki hələ sponsor yoxdur.

– İdmançıları necə cəlb etməyi düşünürsünüz? Komandada yerli yoxsa legionerlər daha çox olacaq?

– İdmançıları seçim əsasında cəlb edəcəyik. Artıq bizə xeyli sayda müraciət var. Təbii ki, yerli idmançılar olacaq.

– Bəs məşqçilərlə bağlı planınız nədir? Bu idman növü azərbaycanlılara yaddır. Məşq keçəcək təcrübəlilər yoxdur.

– Artıq kiçik də olsa təcrübəmiz var. Ötən il “Marafon” klubunun idmançıları futnet üzrə dünya çempionatında iştirak edib.Turnir Kiprdə keçirilirdi. Bu idman növü voleybol və futbolun sintezidir. Futzalla məşğul olanlar da rahat şəkildə futnet oynaya bilərlər. Ən əsası burada çox adam tələb olunmur.

– Yəqin ki, komandaya məşqçi cəlb etmək üçün müəyyən məbləğ ödənilib.

– Bizə heç bir yerdən məşqçi gəlməyib. Öz yerli mütəxəssislərimizdir. Bu idman növü bizdə daim oynanılıb.
Futbol-tennis bir idman növü kimi 1922-ci ildə Çexoslovakiyada yaranıb. Azərbaycanda isə futnet idman növünə oxşar oyunlarla hələ keçmiş SSRİ dövründə məşğul olublar. Peşəkar futnet isə 2016-cı ildə ilk dəfə “Marafon” idman klubunun nəzdində fəaliyyətə başlayıb. İdmançılarımız ilk dəfə beynəlxalq arenaya həmin ildə çıxıb. Azərbaycan Şimali Kipr Türk Cumhuriyyətində keçirilən Dünya çempionatında təmsil olunub. Azərbaycanlı hakim Əfqan Həmzəyev 2014-2016-cı illərdə Türkiyə və Rumıniyada keçirilən beynəlxalq turnirlərdə ədaləti qoruyub. Azərbaycanda ilk futnet yarışı 2016-cı ilin iyun ayında keçirilib. Rusiya, Azərbaycan və Gürcüstan komandalarının iştirakı ilə Bakıda futnet üzrə ilk beynəlxalq yarış təşkil olunub. Onların hamısı bu işi sevən insanlardır.

– Maraqlıdır tələbləri ödəmək, hər şeyi hazırlamaq üçün federasiyaya minumum nə qədər maliyyə lazımdır?

– Təsis konfransından sonra İcraiyyə Komitəsinin ilk toplantısı olacaq. Həmin toplantıda bu məsələlər müzakirə ediləcək.

– Bəs sponsor ücün müraciət etdikləriniz və ya namizədlər var?

– Artıq bəzi şirkətlərlə danışıqlar gedir. Bu məsələnin yaxın zamanda müsbət həllini tapacağına inanıram.

– Elə isə federasiyada çalışanlara maaşlar sponsor tapıldıqdan sonra veriləcək, yoxsa artıq bu məsələ həllini tapıb?

– Yerində verilən sualdır. Maaşlar sponsor olduqdan sonra tənzimlənəcək.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv