Yeni yoxlama qurğuları hansı stansiyalarda tətbiq edilir?

Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirus (“COVID-19”) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakı metropolitenində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Yenicag.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, Bakı metropolitenində tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına ciddi nəzarət olunur və bu istiqamətdə monitorinqlər nəticəsində tədbirlər davamlı olaraq dövrün tələbinə uyğun yenilənir:

“Sosial məsafənin qorunmasını təmin etmək məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər quraşdırılması sərnişinlərin hərəkət nizamının tənzimlənməsinə xidmət edir.

Artıq sərnişinlərin nizamlı hərəkətinin təmin edilməsinə skaner tipli yeni yoxlama qurğularının da təsiri var. Stansiyaların girişlərinin yoxlama məntəqələrində tətbiq edilən avadanlığın əsas vəzifəsi metropolitendən sərnişinlərin istifadə rahatlığı və təhlükəsizliyini artırmaqdır”.

O qeyd edib ki, bu tədbir ilk olaraq metropolitenin daha çox sərnişin daxil olan stansiyalarında tətbiq edilir:

“Tətbiq edilən və avtomatik rejimdə çalışan bu çoxfunksiyalı sistem daşınan əşyaları, o cümlədən müəyyən edilmiş ölçülər çərçivəsində çanta və digər yüklərin yoxlanılmasın sürətlə həyata keçirir, ləngimələrin aradan qaldırılmasına xidmət edir.
Yoxlama məntəqəsində hər bir sərnişindən tibbi maskanın düzgün taxılması tələb olunur, sosial məsafəni qorumağın vacibliyi xatırladılır, həmçinin seçmə qayda ilə hərarətin ölçülməsi tətbiq edilir. Koronavirus infeksiyasının yayılmasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə metropolitenin və polis əməkdaşlarının stansiyalarda və qatarlarda monitorinqləri artırılıb və bunun nəticəsində günün müəyyən saatlarında yoxlamalar intensivləşdirilib”.

Metropoliten rəsmisi bildrib ki, yoxlamalar zamanı sərnişinlərlə profilaktik söhbətlər aparılır, tövsiyələr verilir. Günümüzün tələbləri nəzərə alınmaqla, sərnişinlərin daha məsuliyyətli olaraq, tibbi maskadan düzgün istifadə etməsinin, sosial məsafənin qorunmasının vacibliyi ətraflı izah olunur:

“Metropoliten stansiyalarına daxil olan sərnişinlərdən stansiyaların girişində tibbi maskadan düzgün istifadə etməklə, əl əşyaları və yüklərini artıq vestibülə daxil olarkən hazır vəziyyətdə saxlayaraq avtomatik yoxlama cihazlarına yaxınlaşmalarını xahiş edirik. Hər bir sərnişinin sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl edəcəyinə, mövcud qaydaları anlayışla qarşılayacağına və birlikdə güclü olaraq bütün çətinliklərə qalib gələcəyimizə inanırıq”.