Yeniyetmə iki məktəbdə dörd nəfəri güllələdi

Braziliyanın Espiritu-Santu ştatında yarı avtomatik tapança və atasının revolveri ilə silahlanmış yeniyetmə iki məktəbdə atışma nəticəsində dörd nəfəri öldürüb.

Dördüncü qurbanın ölümünü regionun rəhbəri Renato Kasaqrande “Twitter”də açıqlayıb.

Məlumata görə, noyabrın 25-də 16 yaşlı gənc Arakruz ərazisində iki məktəbə atəş açıb. İki müəllim və bir şagird hadisə yerində ölüb, daha 13 nəfər yaralanıb.

“Təəssüf ki, Arakruzdakı faciə hələ də bitməyib. Dərin təəssüf hissi ilə daha bir qurban, cəmi 38 yaşında olan müəllim Flavia Amboss Mersonun vəfatını qeyd edirik. Ailəsinə və dostlarına başsağlığı veririk”, – R.Kasaqrande yazıb.

Məlumata görə, atıcı əvvəllər hücuma məruz qalan məktəblərin birində təhsil alıb. Onun adı, eləcə də cinayətin motivləri hələlik açıqlanmır. Məlum olub ki, yeniyetmə gülləkeçirməz jilet geyinib və məktəblər arasında hərəkət etmək üçün valideynlərinin avtomobilini qaçırıb. O, 4 saatdan sonra həbs edilib./Oxu.az/