Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.
Həmin mağazaların satıcıları – M.Musayev və Ə.Axundov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.