“Bəzi yeniyetmələr film və seriallarda olmaq istədikləri, lakin ola bilmədikləri insanı axtarırlar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında yeniyetmə və gəncləri kriminal aləmə sürükləyən filmlər və diqqət olunması məqamlar haqda danışan psixoloq Gülnar Orucova deyib.
Onun sözlərinə görə, yeniyetmələr müəyyən yaş dönəmində bəzi şeyləri hələ də doğru dərk etməmiş ola bilir.
“Çünki onlar kamillik dövrünə gəlib çıxmış olmur. Bu dövrə gəlib çatdıqda isə necə davranmalı, nələri danışmalı, hansı məkanlarda olmalı, yaxud olmamalı kimi məsələləri artıq bilmiş olur. Yeniyetməlik dövrü çox çılğın vaxtlardır. Bu yaş dövründə yeniyetmələr özünü davamlı olaraq sübut etməyə, “mən də varam” deməyə, “mənim fərqimdə ol”, “məni sev” deməyə çalışırlar. Bu məqsədlə yeniyetmələr özündən böyüklərlə davamlı konfliktə girir, onları anlamamaqdan şikayətlənirlər. Bəzən yeniyetmə və gənclər deyir ki, “məni valideynlərim başa düşmür, heç kəs anlamır”. Yeniyetmə böyüdüyünü başqalarına sübut etmək üçün zərərli vərdişlərdən istifadə etməyə başlayır. Məsələn, atası kimi siqaret çəkir. Bir növ atasına bənzəməyə çalışır. Bəzən yeniyetmələr sosial şəbəkələrdə elə videolar çəkib paylaşır ki, insan baxdıqda utanır, lakin o sanki bunu qurur duyaraq, özgüvənli olduğunu sübut etmək üçün edir. Lakin bu, özgüvənli olmaq demək deyil”, – deyə o əlavə edib.
Mütəxəssis qeyd edib ki, bir insan örnəyi filmdən deyil, öz ailəsindən götürməlidir:
“Uşaqlıq dövründə alçaldılmış, travma almış, döyülmüş, təhqir olunmuş yeniyetmə böyüdükdən sonra gördüyü həmin şiddəti cəmiyyətə gətirməyə başlayır. Bəzi yeniyetmələr film və seriallarda olmaq istədikləri, lakin ola bilmədikləri insanı axtarırlar. Bu filmlərdə daha çox kimisə cəzalandırmaq, sui-qəsd hazırlamaq kimi hadisələr əks olunur. Yeniyetmə buna baxaraq, bunu düzgün olduğunu zənn edir”.
Mütəxəssis vurğulayıb ki, bəzən insanlar həqiqətən də kino və seriallarla yaşayır:
“Yeniyetmələrin müəyyən qrupu var ki, eyni filmləri izləyərək, həmin filmin aktoyrlarını örnək götürməyə başlayırlar. Düşünürəm ki, bir insan örnəyi filmdən deyil, öz ailəsindən götürməlidir. Amma bəzən insanlar o serialları izləyərək, onu öz həyatına tətbiq etməyə çalışır. Ona görə də yeniyetmələri az da olsa, nəzarətdə saxlamaq lazımdır ki, onlar gələcəkdə həmin filmlərdə gördüyü şiddəti, cinayətləri öz həyatlarında əks etdirməsinlər. Elə seriallar var ki, yeniyetmələr orada cinayətkar, zalım obrazında rol alan aktyorlara bənzəyərək, onları təqlid etməyə çalışır. Ona görə də, belə seriallar həmin uşaqlarda qəddarlıq, aqressivlik, kobudluq formalaşdırır. Bu gün bu filmlərin müsbət təsirindən daha çox mənfi təsirini müşahidə edirik”.
İsmayıl Bakuvi