Yerə zibil atmağa görə cərimələr: “Bundan başqa çıxış yolu qalmır”

“Əgər bir insana “əlindəki zibili yerə atma” deyirsənsə, bunu normal insan özünə təhqir kimi qəbul etməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yerə zibil atılmasına görə cərimələrin artırılmasının bu hallara yol verən insanlara təsiri barədə danışan sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, normal cəmiyyətlərdə qanuna və qaydaya əməl edən insanlar üçün cərimə əhəmiyyət kəsb etmir:

“Əgər insanlar qanunu bilir, onun məsuliyyətini dərk edirlərsə və bu qanunun ümumi rifah və ictimai asayiş naminə olduğunu bilirlərsə, cərimə olunmasalar belə, sözsüz əməl edirlər. Cərimə o ölkələrdə güc, silah kimi istifadə edilir ki, ölkəmizdəki kimi orada insanları ram etmək, qanuna, qaydaya tabe etmək çox çətin olur. Yollardakı vəziyyət niyə xaotik durum alıb? Çünki həmin insanlar üçün zolağı dəyişəndə dönmə işıqları yandırmağın, qırmızı işıqda keçmənin, avtobus zolağına girmənin əhəmiyyəti yoxdur. Ona görə də cərimələr sayəsində nisbətən ram edilə bilir”, – deyə o bildirib.

Sosioloq qeyd edib ki, bu günlərdə şəhərin zibillənməsi, yerə siqaret kötüklərinin atılması, avtomobildən küçəyə tullanması məsələsi də gündəmə gəldi.

“Bu kimi qadağaları insanlara tətbiq etmək gülüncdür. İnsana, “zibili, siqaret köyütünü yerə atma, avtomobilin pəncərəsindən yola zibil atma”, demək insana normalda təhqir olmalıdır. Əgər bir insana “əlindəki zibili yerə atma” deyirsənsə, bunu normal insan özünə təhqir kimi qəbul etməlidir. Axı o deməlidir ki, mən bunun fərqindəyəm. Mənim şüurum, dərrakəm icazə verir ki, bu zibil yerə atılmalı deyil. Əgər bir insan bunu edirsə və bunu ona sözlə anlatmaq kifayət etmirsə, o zaman ona cərimə tətbiq etməkdən başqa çıxış yolu qalmır”, – deyə o vurğulayıb.

İsmayıl Bakuvi

COP29