Müasir dövrün iqtisadiyyatı elmi kəşflər üzərində qurulub. Qərb dünyasında məhz elmi kəşflərə xüsusi önəm verildiyindən bu ölkələrin iqtisadiyyatı da yüksək səviyyədə inkişaf edir. Azərbaycanda isə hələ də ölkənin elmi potensialından səmərəli istifadə olunmur. Elm adamlarımız bu prosesə lazımi töhfə vermir və yaxud verə bilmirlər. Ölkədə dünyanın diqqətini çəkəcək elmi kəşflər yox səviyyəsindədir. Halbuki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 65 akademik, 113 müxbir üzv çalışır. Bu da Azərbaycan kimi ərazicə kiçik bir ölkə üçün böyük rəqəmdir. Amma əvəzində elmi inkişafın keyfiyyət göstəriciləri sıfır səviyyəsindədir.
Elmi kəşflər sahəsində axsamağımızın səbəblərini Yenicag.az olaraq təhsil eksperti Kamran Əsədovla araşdırdıq.
Hömsöhbətimiz bildirdi ki, ölkəmizdə elmi potensialın inkişafına çoxsaylı amillər əngəl olmaqda davam edir:
“Müstəqillik əldə etdiyimiz 26 ilə nəzər saldıqda görürük ki, idman və bir sıra digər sahələrdə uğurlar əldə etsək də, Azərbaycanda elmi kəşflər və ixtiraların sayı dünyada eyni səviyyədə olan ölkələrlə müqayisədə belə dəfələrlə aşağıdır. Belə vəziyyətin yaranması bir neçə səbəbdən qaynaqlanır. Əsas səbəb odur ki, elm sahəsində çalışan şəxslər hələ də sovetlər dönəmindən qalma prinsiplər əsasında elm və tədris prosesini qururlar. Bundan başqa, Azərbaycanda tədris olunan ixtisaslar hələ də müasir dövrün tələbləri, dünya elminin qəbul etdiyi prinsiplər əsasında həyata keçirilmir. Dərs resurslarımız, kitablarımız dünya standartlarına cavab vermir. Ümumi dərslik və ixtisaslar yalnız daxili əmək bazarının tələblərinə uyğunlaşdırılıb. Dünya elmi daha genişmiqyaslı ixtisaslar tələb etdiyi halda, Azərbaycanda həm lokal xarakterli ixtisaslar tədris olunur, həm də bu sahədə dünya universitetləri, məşhur akademiyalarla əməkdaşlığımız aşağı səviyyədədir.
Elmi ad alan şəxslərə verilən məvacibin azlığı da prosesə əngəl olan başlıca səbəblər sırasında yer alır. Ona görə də yüksək elmi ad alan alimlərimiz içərisində 40-dan, 50-dən aşağı yaşa rast gələ bilmirik. Yəni elm sahəsində daha çox yaşlı insanlar fəaliyyət göstərir ki, onlar da müasir dövrün texnoloji imkan və vasitələrindən istifadə etmirlər. Bu gün gənclər elmə həvəs göstərmir. Ona görə ki, ayda 150-200 manat maaş alacaq, bunun müqabilində isə ciddi rejimli iş fəaliyyəti tələb olunacaq. Azərbaycanda 40-dan aşağı yaşı olan elmlər doktoru yox səviyyəsindədir. Halbuki, dünyada 30 yaşdan aşağı insanlar içərisində belə elmlər doktoruna təsadüf edirik. Elmimizin fəaliyyəti ancaq yerli auditoriyaya yönəlib. Əslində, dünya miqyasına çıxmağın vaxtı çoxdan çatıb. Təbiət, texniki-humanitar sahədəki kəşflərimiz beynəlxalq aləmdə ciddi qəbul edilmir. Təəssüf ki, dünya miqyasında Azərbaycan alimlərinin əsərləri və məqalələrinə istinadlar aşağı səviyyədədir. Halbuki, Azərbaycan aliminin il ərzində çap etdirdiyi kitab və məqalələrin sayı dünyada ən çox istinad olunan şəxslərin məqalələrindən belə çoxdur. Elə insanlarımız var ki, il ərzində 200-300 dərslik, məqalə çap edir, amma onların heç birinə istinad yoxdur, nə də ciddi qəbul olunmurlar. Məhz bunun nəticəsidir ki, dünya reytinqində Azərbaycan universitetləri yer tuta bilmir. Yəni əməkhaqqının aşağı olması və auditoriya tərəfindən qəbul edilməməsi səbəbindən bu sahədə Azərbaycan alimlərinin maraqları aşağı səviyyədədir.
Qrant verilən, patentləşdirilən işlər yerli xarakter daşımamalıdır. Daha çox dünya ictimaiyyəti tərəfindən qəbul edilən mövzular dissertasiya mövzusu olmalıdır. Xarici dili bilən şəxslər müdafiəyə buraxılmalıdır. Təsəvvür edin ki, bu gün elmlər doktoru alan çoxsaylı insanlarımız ingilis dilini ibtidai səviyyədə belə bilmir. Bu gün Azərbaycan alimi ən çox məqalə çap etdirən olsa da, ən az istinad edilən və qeyri-ciddi hesab olunan alimlərdəndir. Belə olan vəziyyətdə isə təbii ki, alimlərimiz yeni kəşflər və ixtiralarda maraqlı olmayacaqlar”.
ELÇİN