Yerində sayan KİNOMUZ: Vaxtilə gur-gur guruldayan kinostudiyada “oba köçüb, yurdu qalıb” – Cəvahir Nehru yazır

Kinomuzun bayramıdır, adam bilmir, kinomuzun bu gününə sevinsin, ya kədərlənsin, gülsün, ya ağlasın. Bir vaxtlar gur-gur guruldayan, ildə 6-7 film istehsal edən Cəfər Cabbarlı adına Kinostudiyada indi “oba köçüb, yurdu qalıb”.

124 yaşı olan kinomuzun tarixinə nəzər salaq.

1898-ci il avqustun 2-də fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını” və digər süjetlərin müstəqil nümayişi təşkil olundu və həmin gün Azərbaycan milli kinosunun yaranma günü kimi tarixə düşdü.

Həqiqətən də, kino tariximizin müəyyən mərhələlərində filmlərimiz, sözün əsil mənasında, fontan vura bildi. Əlbəttə ki, Hüseyn Seyidzadə, Tofiq Tağazadə, Həsən Seyidbəyli, Həbib İsmayılov, Şamil Mahmudbəyov, Əjdər İbrahimov, Rasim Ocaqov, Eldar Quliyev və digər məşhur rejissorların sayəsində “Dəli Kür”, “Arşın mal alan”, “Qayınana”, “O olmasın bu olsun”, “Bizim Cəbiş müəllim”, “Uzaq sahillərdə”, “Tütək səsi”, “Yeddi oğul istərəm”, “Nəsimi”, “Bir cənub şəhərində” kimi milli kinonun inciləri yarandı. Amma 90-cı illərdən başlayaraq film sahəsində yaşanan tənəzzül kinomanları da xəyal qırıqlığına uğratdı. Tamaşaçı: “Hanı indi elə filmlər, niyə çəkilmir?”, – deyib nostalji duyğuların qanadında hələ də keçmiş filmlərin xəyalı ilə yaşayır. Keçmiş Sovet İttifaqında böyük şöhrət qazanan o filmlərin əvvəlki şöhrətini niyə qaytara bilmirik? Biz niyə Kann, Venesiya, Berlin kimi nüfuzlu beynəlxalq kinofestivallara qatılıb Azərbaycana “Oskar”, “Qızıl palma budağı”, “Qızıl şir” gətirə bilmirik? Avropanı qoyaq qırağa, Qazaxıstan, Gürcüstan və əhalisi sayca bizdən qat-qat az olan digər ölkələrdən nəyimiz əskikdir?

Etiraf edək ki, Azərbaycan kinosu yerində sayır. Dünya bazarının həndəvərində belə dolana bilmirik. İl ərzində dövlətin maliyyəsi hesabına az-çox filmlər çəkilir. Uzaqbaşı bir dəfə təmtəraqlı təqdimat mərasimində, bir-iki dəfə də televiziyada nümayiş olunur. Sonra atılır arxivə. Tamaşaçının o filmdən heç xəbəri də olmur. Hətta bəzən həmin filmlər elə səviyyədə çəkilir ki, heç adam arasına çıxarılası da olmur. Yəqin ki, məni qınayacaqsız. Amma həqiqət acı olur axı. Necə ki kinomuzda səmimi ola bilmirik, eləcə də problemlərimizi səmimiyyətlə etiraf etmək qabiliyyətimiz də çox-çox zəifdir. Bir ucdan çəkirik, amma elə öz qazanımızda da qaynayırıq. Niyə dünya kino bazarında özümüzə yer edə bilmirik, kinomuz niyə yerində sayır?

Suallar çoxdur, amma cavablar hələ də açıq qalır. Doğurdan da, bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir həm də ki vacib… Kino günündə ən böyük arzum kinomuzun tezliklə bu qəlizlikdən xilas olması və vacib bir sənət növünə çevrilməsidir.

COP29