“Yetərsayla bağlı narahatlıq vardı” – Müstəqillik Aktına səs vermiş deputat

“Bəzi deputatlar sessiyaya qatılmadığı üçün səsvermənin adbaad keçirilməsi təklifi irəli sürüldü”.

Ötən əsrin 90-cı illərində sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Həmin il oktyabrın 8-də başlayan Ali Sovetin növbədənkənar sessiyasında davam edən dörd günlük qızğın müzakirələrdən sonra baş tutan səsvermədə Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi. Bu şərəfli günü yaşayan və müstəqillik Aktına səs verən deputatlardan biri də 70-80-cı illərdə ayrı-ayrı bölgələrdə rəhbər vəzifələrdə çalışmış Aslan Mehdiyevdir. Əlavə edim ki, A. Mehdiyev həmçinin mərhum prezident Əbülfəz Elçibəyin Qarabağ rayonlarının birinə təyin etdiyi ilk icra başçılarından olub.

Keçmiş Ali Sovetin sabiq deputatı Aslan Mehdiyev Yenicag.az-a açıqlamasında 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktının qəbul edildiyi tarixi sessiyanın gedişindən danışıb:

“Müstəqillik Aktının qəbul edilməsi ilə bağlı məsələ hələ sentyabrın sonlarından başlayaraq, deputatlar arasında geniş müzakirə edilirdi. Həmin illər ölkədə baş verən hadisələrin gedişi ondan xəbər verirdi ki, böyük sovet imperiyası dağılmaq ərəfəsindədir. 90-cı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər respublikalarında millətlərin və xalqların azadlıq hərəkatı başlanmışdı. İmperiyanın siyasi beyin mərkəzi sovet hərbi maşınının köməyi ilə müxtəlif bölgələrdə, o cümlədən Bakıda qanlı qırğınlar törətməklə SSRİ-yə süni nəfəs verməyə çalışırdı. Lakin bu mümkün olmadı, 1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verildi və Sovetlər Birliyi dünya xəritəsindən silindi. Amma bu o demək deyil ki, müstəqilliyimiz bizə asan başa gəlib. Müstəqilliyə gedən yol Azərbaycan üçün qətiyyən rahat olmayıb. 1988-ci ildə Qarabağda başlayan hadisələr Bakıda və bölgələrdə yüz minlərlə insanın iştirak etdiyi mitinqlərlə müşayiət olundu. Bu mitinqlərin əsas tələbi Azərbaycanın müstəqilliyinin təmin edilməsi idi. Həmin vaxtlar mən Füzuli rayonunda icra hakimiyyətinin başçısı vəzifəsində çalışırdım. Rayon cəbhə xəttində yerləşdiyindən, demək olar ki, birbaşa hadisələrin içində idim. Erməni millətçiləri yaranmış vəziyyətdən istifadə edərək, torpaqlarımızı ələ keçirtməyə başlamışdı. Ölkədə gərginlik hökm sürürdü. Xalq Cəbhəsi təzə yaranmışdı. Ali Sovetdə isə müxtəlif adlar altında bloklar fəaliyyət göstərirdi. Bir sözlə, 1988-91-ci illər Azərbaycan üçün çox keşməkeşli olub”.

Aslan müəllim söhbət zamanı o illərdə baş verən səs-küylü hadisələrin bilavasitə iştirakçısı olduğunu vurğuladı:

“1991-ci ilin mart ayında SSRİ-nin bütün respublikalarda Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirildi. Azərbaycan SSR Ali Sovetinin sessiyasında referendumla bağlı səsvermədə 360 deputatdan yalnız 43-ü SSRİ-nin saxlanılmasının əleyhinə səs verdi. Bu hadisədən təxminən 7 ay sonra isə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı müzakirəyə çıxarıldı. Ali Sovetdə 30-a yaxın cəbhəçinin birləşdiyi “Demokratik Blok” səsvermənin baş tutmayacağından narahatlıq keçirirdi. Sessiyada gərginlik yaranmışdı. Bəzi deputatlar sessiyaya qatılmadığı üçün səsvermənin adbaad keçirilməsi təklifi irəli sürüldü. Amma deputatların əksəriyyəti buna ehtiyac olmadığını bildirdilər. İki gün ərzində 32 maddənin hamısı ayrı-ayrılıqda müzakirə edilib, səsvermə ilə qəbul edildi. Sessiyanın gedişi ölkə televiziyası ilə birbaşa yayımlanırdı. Oktyabrın 18-də axşamüstü, nəhayət, tarixi an baş verdi.

Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı bütövlükdə səsə qoyuldu. Adbaad səsvermə zamanı 360 deputatdan 258 nəfər sənədin qəbuluna səs verdi. Yerdə qalanlar ya sessiyaya qatılmadılar, ya da onun əleyhinə səs verdilər. Səsvermənin nəticəsi ayaqüstə alqışlarla qarşılandı. Deyə bilərəm ki, Azərbaycanda ilk dəfə bütün siyasi qüvvələr arasında milli birlik məhz həmən gün – oktyabrın 18-də yaranıb. Hadisədən dərhal sonra Azərbaycanın müstəqilliyinin dünya birliyi tərəfindən tanınması prosesi başlandı. İlk olaraq Türkiyə, sonra Pakistan, Rumıniya Azərbaycan müstəqilliyini tanımağa başladı”.

M. Orucov