“Böyük Kürdüstanı quraraq, Türkiyənin Yaxın Şərqə qurudan çıxışını bağlamaq istəyirlər”- Nəfi Dəmirçi

İraq Türkləri İnsan Hüquqları Dərnəyinin fəxri sədri dr. Nəfi Demirci Yenicag.az-a danışdı.

– İllərdir Şimali İraq regional kürd hökumətinin lideri Məsud Bərzani “Müstəqillik referendum” keçirəcəyini deyirdi. Sentyabrın 25-də bunu reallaşdırmaq üçün ciddi şəkildə hazırlıq görür. Türkiyə isə referenduma qarşı sərt formada etirazını ortaya qoyub. Bu gedişatı necə dəyərləndirirsiniz?

– Türkiyənin illərdir bu mövzuda ciddi bir addım atdığını deyə bilmərik. Ciddi addım atmaq, referendumun təxirə salınmasını istəmək demək deyil. Bu, indi referendum olmasın, uyğun bir vaxt olanda keçirərsiniz deməkdir. İndi referendumu təxirə salsalar, imkan düşən kimi yenidən keçirmək istəyəcəklər. Türkiyə Habur sərhəd qapısını bağlamaqla, verdiyi elektrik enerjisini kəsməklə, Kandil dağına türk bayraqları asmaqla ciddi addım atmış olacaqdı. Bərzani regionda baş verən proseslərdən istifadə edərək müstəqillik elan etmək istəyir. Onu kim dəstəkləyir? İsrail dəstəyini açıq-aydın ifadə edib. ABŞ, İngiltərə, Almaniya da onları dəstəkləyir. Təsəvvür edin ki, bu gün Ərbil kürdlərin məskunlaşdığı bir paytaxta çevrilib. Nə qədər onun türk yurdu olduğunu sübut etmək istəsək də, vəziyyət tamamilə dəyişib. Məsud Bərzaninin atası Molla Mustafa Bərzaninin təlimatı ilə 1958-ci ildə Ərbildə tarixdə görülməmiş bir türk qətliamı həyata keçirildi. O vaxtlar Türkiyə ciddi bir tədbir görmədi. Bərzani tayfasının gözü Kərkük torpaqlarının altında olan sərvətdə idi. O sərvətə sahib olmaq üçün orada yaşayan türkləri köç etməyə məcbur edir və ya qətl edirdi. Eyni siyasət bu gün davam etdirilir. 1990-cı ildə Bərzaninin adamları Kərkükə girərək nüfus dairələrinə hücum etdi, qurumların binalarını yağmaladı. 2003-cü ildə də eyni hərəkətləri təkrarladı. “Kərkük türkdür, arxivlərimizdə var”. Hansı arxivlərdir onlar? Bu məlumatlar yalnız Osmanlı arxivlərində mövcuddur, İraq arxivlərində belə bir şeyə rast gəlmək mümkün deyil. Çünki nüfuz idarələri yağmalanıb. 2003-cü ildə Kərkükün nüfuzu 800 min civarında idi. Bu gün isə 1 milyon 600 mindir. 15 ildə oradakı türklər bu qədər artdılar? Kərkük Bərzaninin işğalı altındadır, bütün rəsmi dairələr kürdlərin əlindədir. Kərkükün valisi Nəcməddin Kərim kimdir?

– Keçən ilin payızında o vəziyyəti daha da gərginləşdirirdi….

-Nəcməddin Kərim Molla Mustafa Bərzaninin şəxsi həkimi idi, bir rəvayətə görə ABŞ vətəndaşıdır. Kərkük valisi olduqdan sonra hər tərəfə kürd bayraqları asdırdı. Məsud Bərzani Türkiyəyə gedəndə hava limanına kürd bayrağı asılmamışdı mı? Sən asırsansa, onlar da asacaq. Referendum həyata keçirilərsə və Kərkük kürd bölgəsinin tabeliyinə keçərsə, Türkiyə parçalanar. Proseslər bu formada irəliləyə bilməz…

– Oradakı türklər arasında birlik varmı?

– 1920-ci ildən bəri onlar arasındakı birlik davam edir. QHT-lər, siyasi partiyalar, qurumlar arasında həmrəylik mövcuddur. Onlar varlıqlarını qorumaq üçün əllərindən gələni edirlər, Türkiyə və digər türk dövlətləri onlara daha ciddi dəstək verməlidir. Bir müddət əvvəl televiziya proqramlarının birində də dedim: Türk birliyini qurmaq, Turan ideyasını həyata keçirmək üçün əlimdən nə gəlsə, etməyə hazıram. Türk birliyi, Turan ölkəsi qurulmadan türk milləti hər yerdə çətinlik yaşayacaq. Kiprə bir baxın. Gənclərə böyük bir etimadım var, çox yaxşı yetişmiş gənclərimiz var, onlara tariximizi ən düzgün formada öyrətməliyik. Atatürkün “Gəncliyə müraciət”ini hamısı əzbər bilməlidir. Allah türk millətinə zaval verməsin.

– İranın Qərargah rəisi Ankaraya gələrək ali səviyyəli görüş keçirdi. Bu mövzuda nələr deyərdiniz?

– İran da narahatlıq içindədir. Bilirsiniz ki, 1946-cı ildə İranın Mahababad bölgəsində qurulan kürd hökumətinin qərargah rəisi Molla Mustafa Bərzani idi. Mahababad hökumətini ruslar qurmuşdu, onlar dəstəyini çəkdikdən sonra, şah onları bir günə aradan götürdü. İranda PJAK adı altında kürdçülük hərəkatı var. Türkiyə, İran və İraq bu məsələdə birlikdə hərəkət etməlidir. Onlar birlik olmadığı müddətcə Vilsonun 1918-ci ildə ortaya atdığı prinsiplərin reallaşması üçün şərait yaranır. İraq, Suriya, İran və Türkiyədən topraq qopardaraq Kürdüstan dövləti yaratmağa çalışırlar. İran qərargah rəisinin səfərinin əsas məqsədi bu məsələ idi. Bu məsələni müzakirə etdiklərini və ortaq hərəkət edəcəklərini düşünürəm. Əgər referendum təxirə salınarsa, İraqda ərəblərlə kürdlər arasında bir konfederasiya qurulacaq. Ancaq orada yaşayan türklərin adı heç yerdə olmayacaq. Ərəblər də öz aralarında bölünüblər. Şiələr və sünnilər bir-birini öldürür, kürdlər isə bu vəziyyətdən olduqca məmnundur. İŞİD-i Suriyaya soxaraq oradakı türk bölgələrini kürdlərə verdilər. Məqsəd böyük Kürdüstanı qurmaqdır. Türkiyənin Yaxın Şərqə qurudan çıxışını bağlamaq istəyirlər.

Yenicag.az

COP29