!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yevlax Rayon Məhkəməsinin tragikomik “CƏRİMƏ LABİRİNT”i: “Vaxtında xəbərdarlıq edilsəydi...”

!Reklam – Yazi

“Məhkəmə və icra şöbəsinin səhlənkarlığı ucbatından belə bir vəziyyətə düşmüşəm, ölkədən çıxışıma qadağa qoyulub”.

Yenicag.az-a müraciət edən vətəndaş Anar Nəcəfov Dursunəli oğlu Yevlax Rayon Məhkəməsi ilə İcra və Probasiya Şöbəsinin səhlənkarlığı üzündən problemli vəziyyətə düşdüyünü bildirib. Anar Nəcəfovun sözlərinə görə, 2010-cu ildə törətdiyi avtomobil qəzası nəticəsində bir nəfərə xəsarət yetirib və həmin şəxsin müalicəsi üçün bütün xərcləri ödəyib. Lakin bundan sonra xəsarət alan şəxsin şikayəti əsasında barəsində müvafiq məhkəmə hökmü çıxarılıb.

Bununla belə, dövlət başçısının imzaladığı amnistiya fərmanına uyğun olaraq, cəzasının qalan hissəsini çəkməkdən azad edilib. Lakin bütün problemlər də bundan sonra başlayıb:

“Müalicəsi başa çatandan sonra, həmin şəxs məndən yenə şikayətçi oldu və Xətai Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 263.1 maddəsinə uyğun olaraq, məni 3 il müddətinə azadlıqdan məhrum etdi. Ancaq Ucarda qeydiyyatda olduğuma görə iş həmin rayona göndərildi. Ucar Rayon Məhkəməsinin qərarına əsasən, icbari əməyə cəlb olunaraq, cəzamı Yevlaxdakı kiçik cəzaçəkmə məntəqəsində çəkməyə başladım. Altı ay sonra amnistiyaya düşdüyümü bildirdilər və məni Yevlax Rayon Məhkəməsinə apardılar. Orada məhkəmə zalından azadlığa buraxılaraq, evə gəldim. O zaman cəzamın qalan hissəsi 850 manat məbləğində cərimə ilə əvəz edilibmiş. Yəni azadlığa buraxıldıqda, dövlət büdcəsinə 850 manat cərimə ödəməli olduğum halda, mənə bu barədə heç bir xəbərdarlıq, ya da məlumat bildirilməyib”.

Anar Nəcəfovun sözlərinə görə, onun adına göstərilən məbləğdə cərimə olduğunu və buna görə ölkədən çıxışına qadağa qoyulduğunu yalnız ötən il xarici pasport üçün müraciət edərkən, öyrənib:

“Ötən il xarici pasport almağa gedəndə, bildirdilər ki, sənin ölkədən çıxşına qadağa var. Araşdırmadan sonra məlum oldu ki, 2010-cu ildə baş verən hadisəyə görə ölkədən çıxışıma qadağa var, dövlət büdcəsinə 850 manat cərimə ödəməliyəm. Cəriməni “Kapital Bank” vasitəsilə ödəməli olduğumu bildirdilər. “Kapital Bank”dan isə dedilər ki, cərimənin ödənişi yalnız müvafiq sənəd əsasında ödənilə bilər. Vəkilimlə apardığımız araşdırma zamanı Ucar Rayon Məhkəməsindən bildirildi ki, işə Yevlaxda baxıldığı üçün tələb olunan sənədi oradan almalısan.

Yevlax Rayon Məhkəməsinə müraciətimizdən sonra arxiv yoxlanıldı və lazım olan sənədlər aşkar edildi. Həmin sənədlər əsasında Ədliyyə nazirinə və Bakı şəhər İcra və Probasiya idarəsinə məktub yazaraq, ölkədən çıxşışma qoyulan qadağanın aradan qaldırılmasını xahiş etdim. İcra və Probasiya şöbəsindən Varis Əsədov adlı şəxs mənə zəng edərək, həmin məbləğin nəyə görə indiyə kimi ödədilməməsinin, xəbərdarlıq olunmamasının səbəbini bilmədiyini dedi.

Qanunvericiliyə görə, hökmün verilməsindən 7 il keçdikdən sonra qərar qüvvədən düşmüş sayılır. Buna görə mən yox, məhkəmə məsuliyyət daşıyır. 2013-cü ildə prezident fərman verib ki, müəyyən maddələr üzrə barələrində azadlıqdan məhrumetmə cəzası kəsilmiş şəxslərin məhkumluğunun qalan hissəsi pul cərimələri ilə əvəz edilsin. Həm 2013, həm də 2016-cı ildə verilmiş amnistiya fərmanı mənim mühakimə edildiyim maddəyə də şamil olunub. Yəni hər iki halda cərimədən azad olunmuşam. Vaxtında mənə xəbərdarlıq etsəydilər, təbii ki, cəriməmi ödəyərdim. Ancaq məhkəmə və icra şöbəsinin səhlənkarlığı ucbatından belə bir vəziyyətə düşmüşəm, ölkədən çıxışıma qadağa qoyulub”.

Şikayətçi müvafiq sənədlərin ortada olmasına baxmayaraq, Yevlax Rayon Məhkəməsinin işi süründürməçiliyə saldığını deyir:

“Mənə deyilir ki, məhkəməyə gəlməliyəm və iş yenidən icraya verilməlidir. Məhkəmə və icra orqanının səhlənkarlığına görə niyə mən əziyyət çəkməliyəm? Bununla bağlı Ədliyyə Nazirliyinə də şikayət etmişəm. Xaricdə gözümdən əməliyyat olunmalıyam, lakin məhkəmə və icra orqanlarının günahı ucbatından ölkədən çıxa bilmirəm”.

Anar Nəcəfov növbəti dəfə Ədliyyə Nazirliyinə müraciət ünvanlayaraq, bu iş üzrə süründürməçiliyə son qoyulmasını və ölkədən çıxış məhdudiyyətinin aradan qaldırılmasını xahiş edib.

Səxavət Məmməd

www.yenicag.az

3224
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv