Yevlaxda MMC rəhbəri həbs edildi

Karantin rejimi dövründə saxta arayışlar paylayan “Əmlakın Qiymətləndirilməsi” MMC-nin rəhbəri Ruhin Qaraşov həbs edilib.

Bununla bağlı Yenicag.az-a Yevlax rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, R.Qaraşovun xüsusi karantin rejiminin tələblərinə zidd olaraq Yevlax rayonu və ona ətraf rayonlarda yaşayan ümumilikdə 360 nəfər şəxsin karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə imkan yaratmaq üçün həmin şəxslərin adlarına saxta əmək müqavilələri bağlayaraq 2020-ci ilin avqust-dekabr aylarında tamah niyyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib.

Faktla bağlı Yevlax rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilib.

Ruhin Qaraşov təqsirləndirilən şəxs qismində cəlb olunub və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.