Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, Qarabağ su kanalının Yevlax rayonunun Kolanı kəndindən keçən hissəsində bəndin bir hissəsi uçub.
Nəticədə ətraf ərazilər subasmaya məruz qalıb. Subasma nəticəsində yaxınlıqda olan taxıl və otlaq sahələri su altında qalıb. Qarabağ suvarma kanalı istismar idarəsinin rəisi Şakir İmanov bildirib ki, hazırda ərazidə bənd bərkitmə işləri sürətlə aparılır və axşam saatlarına qədər iş başa çatacaq.
“Qarabağ kanalı 70 ilə yaxındır ki, istismar olunur. Kanal torpaq məcralı olduğuna belə hadisələr baş verir. Səhər saatlarında bizə məlumat verildi ki, kanalda sızma baş verib. Biz dərhal bütün ağır texnikaları və canlı qüvvəni əraziyə cəlb etdik.
Mingəçevir su anbarından suyun azaldılması istiqamətində tədbirlərə başladıq. Bəndin bərpa olunması üçün ağır texnikalar vasitəsilə hazırda işlər sürətlə aparılır. Su sızması nəticəsində məcrasından çıxan su kanalın sağ sahilindən kanala paralel keçən kollektorlara dolub.
Hazırda sel ötürücü qurğu vasitəsilə su ərazidən kənarlaşdırılır. Axşam saatlarına qədər bənd bərkitmə işləri başa çatacaq”.
Qurumun rəsmisi onu da deyib ki, məcrasından çıxan su kanalın mühafizə zolağını aşmayıb.
“Yaxınlıqda olan taxıl sahəsinin 20 metr məsafəsinə su dolub. Həmin ərazi Qarabağ kanalının mühafizə zolağıdır. Bizim idarənin balansında olan torpaqdır”.
Ş.İmanov bildirib ki, istismar müddətini başa vuran su kanalı gələn il yenidən qurulacaq.
“70 ilə yaxın müddətdir ki, istismar olunan kanalın üzərində hidrotexniki qurğular, səviyyə qaldıran qurğular artıq öz istismar müddətini başa vurub. Ona görə yeni beton üzlüklü kanal tikiləcək. Tikinti işlərinə gələn il start veriləcək. Hazırda layhələndirmə işləri aparılır”.