Yığışdırılan “manatlıq taksi”lərin AQİBƏTİ: “Dövlət tərəfindən elə bir yer ayrılmalıdır ki…”

“Dövlət tərəfindən elə bir yer ayrılmalıdır ki, “manatlıq taksi”lərin fəaliyyəti digər nəqliyyat vasitələrinə mane olmasın”.

Bu fikirləri “manatlıq taksi”lərlə bağlı problemlər və onlara yaradılmalı olan şərait barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “manatlıq taksi”lər o qədər böyük bir problemə çevrilib ki, artıq genişmiqyaslı rezonans doğurur:

“Məsələ ondadır ki, manatlıqların pul qazanmaq istədiyini anlamaq olar və sərnişin daşınmasına tıxac və sıxlıq ərəfəsində qismən də olsa, dəstəkdir. Yaxud da günün pik saatılarında sərnişin daşımaya real olaraq yardımçı olur. Sentyabrdan yeni tədris ilinin başlamasını nəzərə alsaq, bu hal xaosa çevriləcək. “Gəlin 20 Yanvar” dairəsini müzakirə edək. Təsəvvür edin ki, siz “8-ci km”dən, yaxud da şəhər istiqamətindən köməkçi yolla üzü Mərdəkan istiqamətinə gəlirsiniz və körpünün altından keçməklə sağ tərəfə, yaxud MGA-nın arxa tərəfinə dönmək istəyirsiniz. Görün necə bir səhnə yaranır. Oradan dönmək mümkün deyil və bunların eynisi “20 Yanvar”da da müşahidə olunur. “20 Yanvar”ın paytaxtın şimal qapısı adlandırıldığını nəzərə alsaq, bütün bu sadalananları nəzərə alaraq vurğulamaq istəyirəm ki, bu taksilər üçün xüsusi bir yer ayrılmalıdır. Dövlət tərəfindən elə bir yer ayrılmalıdır ki, “manatlıq taksi”lərin fəaliyyəti digər nəqliyyat vasitələrinə mane olmasın. “Koroğlu” metrosundan üzü Bakıxanov istiqamətinə gedənləri də bir neçə müddət əvvəl yığışdırmışdılar və bu, effekt vermişdi. Amma sonradan yenidən qayıtdılar”.

Mövzu ilə bağlı Yenicag.az-a dabışan nəqliyyat məsələləri üzrə eskpert Eldəniz Cəfərov isə “manatlıq taksi” kimi fəaliyyət göstərənləri fəaliyyətlərini leqallaşdırmağa çağırıb:

“Həmin taksilərin sürücüləri, çox təəssüf ki, 2 və 3-cü zolaqda avtomobili saxlayaraq tıxaclara səbəb olurlar. Leqal qaydada taksi qeydiyyatından keçmiş insanların fəaliyyətinə hər hansı bir qadağa yoxdur. Bu – istər “manatlıq taksi” olsun, istərsə də ənənəvi qaydada taksi fəaliyyəti ilə məşğul olanlar – heç bir qadağa yoxdur. Sadəcə bu problem digər yol hərəkəti iştirakçılarını narahat etməməlidir. Bu gün artıq hamı bilir ki, “20 Yanvar” metrosu ilə yanaşı, “Avtovağzal” stansiyası da var. Əvvəllər insanlar üzü Sumqayıta, Masazıra, Xırdalana tərəf “20 Yanvar” metrostansiyasından avtobuslara minib gedirdilərsə, indi metro ilə gələrək avtovağzalda enib oradan həmin o “manatlıq taksi”lərlə, digər avtobuslarla yollarına davam edə bilərlər. Burada da hər hansı bir problem yoxdur. Burada onların hamısı üçün şərait yaradılıb. Məsələn, sərnişin “İçərişəhər” stansiyasından gələrək “20 Yanvar” stansiyasında enirdisə və orada digər nəqliyyat vasitəsinə əyləşib Sumqayıta gedirdisə, indi “20 Yanvar”da deyil, “Avtovağzal”da ensin. “Manatlıq taksi” kimi fəaliyyət göstərən insanlara tövsiyəm odur ki, fəaliyyətlərini leqallaşdıraraq fəaliyyət göstərsinlər”.

İsmayıl Bakuvi

COP29