Slovakiyada 2000-ci il təvəllüdlü futbolçular arasında təşkil edilən beynəlxalq turnirdə ikinci turun oyunları keçirilib.
Yenicag.az xəbər verir ki, uelsli həmyaşıdları ilə qarşılaşan yığmamız 3:0 hesablı qələbə qazanıb. Komandamızın qollarını Tural Bayramov, Emil Qasımov və Elnur İbrahimov vurub.
Xatırladaq ki, ötən gün Macarıstanla baş tutan ilk oyunda isə millimiz 0:1 hesabıyla məğlub olmuşdu. Azərbaycan yığması qrupda son oyununu mayın 10-da Slovakiyaya qarşı keçirəcək.
Komandamızın baş məşqçisi Vüqar Məmməd Uelslə matçla bağlı fikirlərini bildirib. O, komandanın ustalıq səviyyəsini artırmalı olduğunu deyib:
“Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Dünənki ağır oyundan sonra futbolçularımın xarakter nümayiş etdirdiyinin şahidi oldum. Həm ötən oyunda, həm də bu qarşılaşmada futbolçuların hamısına şans verdik. Heyətdəki oyunçuların hər birinə güvənirəm. Amma hələ çox işimiz var, dayanmadan çalışmalıyıq. Bir daha təkrar edirəm, ustalıq səviyyəmizi artırmalıyıq. Bunu yalnız belə güclü rəqiblərlə qarşılaşaraq edə bilərik”.