“Yol hərəkətini təşkil edən şəxslərə cərimə tətbiq olunmalıdır” – Ekspert

“İstər yol hərəkətində, istərsə də cinayət məcəlləsində yenidən baxılmağa ehtiyacı olan qaydalar var”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ekspert Ərşad Hüseynov son zamanlar Azərbaycanda tətbiq olunub, icra edilməyən qaydalar haqqında danışarkən deyib:

“Yol hərəkəti qaydalarında və onun qarşılığında cərimə tətbiq edən; ya cinayət məcəlləsində, ya da inzibati xətalar məcəlləsində yenidən baxılmağa ehtiyacı olan qaydalar var. Onları təkmilləşdirmək və bəzi məsələləri də əlavə etmək lazımdır. Məsələn, Azərbaycanda yol hərəkətini təşkil edənlərin məsuliyyəti yoxdur. Bəzən yollarda lazımi bir nişan olmalıdır, amma o nişanı qoymurlar. Yaxud da nişan səhv qoyulur. Belə olduqda isə yol hərəkəti qaydalarının pozulmasına, ağır qəzaların yaranmasına və ölüm hallarının baş verməsinə gətirib çıxarır. Bu zaman həmin hərəkət qaydalarını təşkil edən şəxsə cərimə və yaxud cəza tətbiq olunmalıdır. Digər halda isə cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Ekspert həmçinin sürücünün diqqətini yayındıra biləcək söhbətə görə cərimənin ləğv edilməsi barədə də söhbət açıb. O, bildirib ki, tətbiq olunmayan cərimənin ləğvi daha məqsədəuyğundur:

“Bu cərimə heç kimə tətbiq oluna bilmirdi. Yalnız adi bir kağız üzərində qalan cərimə forması idi; yəni ləğv edilib-edilməməsi arasında elə də böyük bir fərq görmürəm. Praktiki əhəmiyyəti olmayan bir cərimənin tətbiqi uyğunsuzdur. Əks təqdirdə, qanunu hörmətdən salır. Buna görə də ləğv olunması təqdirəlayiqdir”.

Elvin Paşazadə

COP29