Yol infrastruktu problemlərinin HƏLLİ YOLLARI: Şəhərdə sürət həddinin endirilməsi təklif edildi

“Dünyada “Vizion zero” konsepsiyası – ölüm hallarına sıfır dözümlülük siyasəti var ki, əsas hədəf hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında piyada keçidində baş verən avtomobil qəzaları və yol infrastrukturunda həyata keçirilməli vacib həll yolları haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, zolaqların normal təşkilinə, boyanın keyfiyyətinə diqqət yetirmək daha önəmlidir.

“Yol infrastrukturunda 3D keçidlərin salınması effektiv olmayan variantdır. Düşünürəm ki, normal eynisəviyyəli piyada yol keçidinin təşkilinə, sakitləşdirən element – zolaqların ensizləşdirilməsi, əgər iki zolaqdan artıqdırsa, təhlükəsizlik ardıcıllığının təmin olunması, işıqlandırılmasına, işıqforla nizamlanmaya ehtiyac var. Bu işlər görülməlidir ki, piyada da küçənin bir tərəfindən o biri tərəfinə rahat şəkildə hərəkət edə bilsin. Bu keçidlər arasındakı məsafə küçədə daha yaxın məsafədə olmalıdır. Fikrimcə, 3D zolaqların salınmasına ehtiyac yoxdur. Sadəcə olaraq zolaqların normal təşkilinə, boyanın keyfiyyətinə diqqət yetirmək daha önəmlidir”, – deyə o bildirib.

Ekspert qeyd edib ki, avtoqəzalar dünyanın hər yerində var, lakin qəzanın nəticəsi çox önəmlidir:

Dünyada “Vizion zero” konsepsiyası – ölüm hallarına sıfır dözümlülük siyasəti var ki, əsas hədəf hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir. İnsan səhv edə bilər. Əsas odur ki, onun səhvi nəticəsində insan tələfatı baş verməsin. Avtoqəzalar dünyanın hər yerində var, lakin qəzanın nəticəsi çox önəmlidir. Qəzanın nəticəsi maddi zərər, zədə, yaxud ölümdür. Hər iki sualın cavabının həlləri fərqlidir. Əgər biz yollarımızda şüşə kimi asfalt ediriksə, bu da sürəti artırmağa, nəticədə ölümə gətirib çıxara bilir. Ona görə də, şəhər daxilində avtomobili sürətli idarə etməmək üçün çıxış yolları tapılmalıdır. Keçən il sürətin aşağı salınması qərarı bu həll yollarından biridir. Lakin natamam həll yoludur. Sadəcə, sürəti aşağı salıb, nişanı quraşdırıb, cəriməni artırmaqla problem həll olunmur. Küçəni sakitləşdirirən elementlər əlavə olunmalıdır. Yəni sürücü fiziki cəhətdən istəsə belə, o sürətlə sürərək, qaydanı poza bilməsin. Düşünürəm ki, şəhərdə sürət həddi 50 km/saat olmalı və küçələrdə ona uyğun transformasiya edilməlidir. Yəni yaxın məsafədə piyada keçidləri salınmalıdır”.

Mütəxəssis əlavə edib ki, standartlar isə Avropa standartlarına uyğunlaşdırılmalı, qanunlar yenilənməlidir:

“Səkilərin zəbti ilə bağlı cərimələr yuxarı qaldırılmalıdır. Daha sonadan əlçatan -baryelsiz mühit yaratmaq üçün standartlara yenidən baxılmasına ehtiyac var. Bina girişlərinin sıfırdan girişlə təmin olunması, əgər mümkün deyilsə, pilləkən varsa, standarta uyğun pandusların təşkil olunmasına ehtiyac var. Yalnız sözdə deyil, təcrübədə – gündəlik hərəkətdə biz bunu hiss etməliyik. Küçədə ən çox avtomobil deyil insan hərəkət edirsə, sonradan qısa məsafə üçün çeşid verilməlidir. Hazırda icra olunan velozolaq, sərnişin daşıyan avtobus zolağı və sonradan imkana bağlı olaraq əlavə çeşidli relsli nəqliyyat gəlməlidir. Ən axırıncı avtomobil gəlməlidir. Bizdə bu tam tərsidirsə, bunu fəsadın yaşayacağıq. Bu artıq sərnişin axının parçalanmasına və bir növə yüklənməməsinə gətirib çıxarır.Bu kontekstə piyadaların hərəkət iştrakçısı kimi küçənin bir tərəfdən başqa tərəfə keçməsi daha qısa məsafədə rahat təşkil edilməlidir.

İsmayıl Bakuvi

COP29