Yol polisindən Bakıda hərəkətin intensivliyi ilə bağlı YENİLİK

Yol polisi Bakıda hərəkətin intensivliyini artırmaq üçün fasiləsiz xidmət aparır.

Yenicag.az xəbər verir ki, son günlər Bakıda DYP rəhbərliyi hərəkətin təşkili ilə bağlı yenilik edib. Belə ki, idarədə kameralara nəzarət edən əməkdaşlar mütəmadi olaraq yollarda xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə əlaqə saxlayırlar. Hansı yolda sıxlıq müşahidə olunsa, harada qanunsuz parklanma və ya hansısa problem yaransa, dərhal ərazidə xidmət aparan əməkdaşa radioqəbuledici vasitəsilə məlumat verilir. YPX əməkdaşları isə vaxt itirmədən deyilən yerə yaxınlaşaraq problemi aradan qaldırırlar.

Yol polisi əməkdaşları “20 Yanvar”, “Şamaxinka”, 3-cü mikrorayon və “Memar Əcəmi” dairələrində fasiləsiz xidmət aparır, dayanacaqların ətrafını boşaldır, yolun hərəkət hissəsini zəbt edən taksi sürücülərini ərazidən kənarlaşdırırlar. Həmçinin piyadaların yolu keçməsi, avtobusların dayanacağa rahat daxil olması, sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsi təmin olunur. Bunun nəticəsində yollarda nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti təmin edilir.

Bu yeniliklər sakinlər tərəfindən də bəyənilib. Onlar bildiriblər ki, şəhərdə son günlər tıxaclar azalıb, dayanacaqlardan istifadə asanlaşıb. Sakinlər bu addıma görə yol polisinə təşəkkür ediblər.

COP29