Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkət iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar verilmiş tətil günlərində səfərə çıxmağa hazırlaşan sürücüləri aşağıda qeyd olunan tövsiyələrə əməl etməyə çağırıb.
İdarədən Yenicag.az-a verilən məlumata görə, müraciətdə deyilir:
“Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirin, təhlükəsizlik kəmərini təkcə özünüz deyil, sərnişinlərin də bağlamasını təmin edin.
Yolboyu ötmə və ya digər manevlər edərkən tələsməyin, qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin sürətini və istiqamətini düzgün qiymətləndirin, təhlükəsizliyinizə əmin olmadan qərarlar verməyin.
Unutmamalıyıq ki, yol qəzalarının qarşısının alınmasını şərtləndirən başlıca amillərdən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq yolda müəyyən edilmiş sürət həddinə ciddi əməl etməkdir.
Uzaq məsafələrə səfərlər zamanı günün işıqlı vaxtında yola çıxmağa çalışın, yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Belə halda siz, yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz.
Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz.
Yol hərəkəti qaydalarına əməl etməklə siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərini xoş keçirməsinə şərait yaratmış olacaqsınız”.