Yol polisindən tədrisin bərpası ilə bağlı vətəndaşlara MÜRACİƏT

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi ali və orta təhsil müəssisələrində tədrisin tam bərpası ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Yenicag.az-a açıqlamasında bildirib ki, istər ali, istərsə orta məktəblərin qarşısındakı yolun hərəkət hissəsində sıxlığın yaranmasına əsas səbəblərdən biri həmin ərazilərdə dayanma-durma və düzgün olmayan parklanmalardır: “Bu qaydalara riayət olunmur, yolun hərəkət hissəsi zəbt olunur. Bu hazırda paytaxtda ən ciddi problemlərdən biridir. Şəhərin mərkəzi küçə və prospektlərində, dayanma-durma qaydalarına əməl olunmasını sürücülərdən xahiş edirik. Hesab edirik ki, inzibati tənbeh tədbirlərinin görülməməsi və narazılıqların yaranmaması, məsələnin həlli üçün ictimai məsuliyyət artırılmalıdır. Nəzərə almaq lazımdır ki, paytaxt ərazisində 3 minə yaxın yolayrıcı və keçidlər var. Yol polisi əməkdaşları gün ərzində yollarda hərəkətin düzgün nizamlanması və tənzimlənməsi istiqamətində mütəmadi xidmətlər aparırlar. Biz hər məktəb, hər küçəyə bir polis əməkdaşı təyin edə bilmərik. Buna fiziki baxımdan da imkan yoxdur. Ona göprə də, vətəndaşlardan xahiş edirik ki, fərdi rahatlıqlarını düşünüb avtomobilləri yolun hərəkət hissəsində saxlamasınlar. Bu keçiriciliyə böyük təsir göstərir”.

A.Əsgərli bildirib ki, bunun üçün vətəndaşlar məsuliyyətli olmalı, qaydalara əməl etməlidirlər: “Valideyn uşağını məktəbə gətirirsə, maşını yolun hərəkət istiqamətində saxlayıb, uşağını məktəbə təhvil verib qayıdır və ya şəxsi avtomobili olan tələbə avtomobilini təhsil müəssisəsinin qarşısında, yolun ortasında saxlayıb gedir. Bu da problemə səbəb olur. Problemin əsas həlli üçün ictimai məsuliyyət olmalı, paytaxt sakinləri qaydalara daha ciddi əməl etməlidir”.