Yol polisləri mükafatlandırıldı – FOTO

Bu gün Azərbaycan polisinin 100 illiyi və 2 İyul – Polis Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Yenicag.az-ın məlumatına görə, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı Azərbaycan polisinin keçdiyi şərəfli yol barədə danışıb, tədbir haqqında məlumat verib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarını təbrik edib: “Polis vəzifəsi şərəfli bir işdir. Azərbaycan polisi ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında böyük xidmətləri var”.

Millət vəkilləri Flora Qasımova və Şahin İsmayılov vurğulayıblar ki, respublika və paytaxt yollarında, küçə və prospektlərdə rahat və təhlükəsiz hərəkətin mümkün olması üçün yol polisinin xidmətləri əvəzsizdir. Dövlət Yol Polisi (DYP) əməkdaşlarının cəmiyyətin bu istəyini yaxşı anlayaraq öz vəzifələrini icra etməsi isə polislə cəmiyyət arasında qarşılıqlı inam və etibarı daha da möhkəmləndirir.

Qeyd olunub ki, ölkəmizdə və paytaxtda nəqliyyatın sürətlə artdığı bir şəraitdə təhlükəsiz, fasiləsiz və rahat hərəkətin təmin olunması Dövlət Yol Polisinin fəaliyyəti üçün də yeni tələblər doğurub. Yol polisi yollarda rahat və fasiləsiz hərəkəti təmin etmək, cəmiyyətimizi nəqliyyatın zərərli təsirindən qorumaq üçün üç istiqamətdə fəaliyyət göstərir.

Tədbirdə Azərbaycan polisinin 100 illiyinə həsr edilmiş mahnı, eyni zamanda musiqisi Eldar Mansurova, sözləri Vahid Əlioğluna məxsus, xalq artisti Heydər Anatollunun ifa etdiyi “Yol polisi” mahnısının klipi təqdim edilib.

Daha sonra Azərbaycan polisinin 100 illiyi və 2 İyul – Polis Günü münasibətilə mükafatlandırılan 37 yol polisi əməkdaşına diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.

COP29