Rumıniyanın paytaxtı Buxarestdə ana və 5 yaşlı oğlu uşaq bağçasına gedərkən gözlənilməz təhlükə ilə qarşılaşıblar. Avtomobildən enən ana və uşaq qəfil çökən səki daşlarının arasına düşüblər.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 43 yaşlı ana oğlunu bağçaya apararkən yolda torpaq çöküb və hər ikisi yaranan nəhəng çuxura düşüb.
Yaxınlıqdakı zibil maşınının sürücüsü dərhal köməyə tələsərək əvvəlcə uşağı xilas edib. Daha sonra ətrafdakıların köməkliyi ilə ana çuxurdan çıxarılıb.
Xoşbəxtlikdən hadisə zamanı ciddi xəsarət alan olmayıb. Ana və uşaq tibbi müayinədən keçirilib, lakin onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Hadisə yerində olan avtomobilə isə ciddi ziyan dəyib.
Səlahiyyətlilər yolun hansı səbəbdən çökdüyünü araşdırmaq üçün araşdırmaya başlayıb. İlkin araşdırmalar göstərib ki, yolun çökməsi infrastruktur borusu və üzərindəki ağırlıq (avtomobil və zibil maşını) nəticəsində yaranan eroziya nəticəsində baş verə bilər.
Nəsimi Ələsgərli