“Yaxın gələcəkdə Azərbaycanda da mopedlərin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi öz təsdiqini tapacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında mopedlərin yol hərəkətində yaratdığı təhlükəli vəziyyətlərlə əlaqədar bu nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasının mümkünlüyü haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, mopedlərlərlə bağlı qanunvericilikdə boşluq yoxdur.
“Çünki yol hərəkəti haqqında qanuna görə, mühərrikin həcmi 40-50 santimetrdən yuxarıdırsa, o halda, həmin nəqliyyat vasitəsi üçün sürücülük vəsiqəsi tələb olunur və sözssüz ki, bu zaman sürücü imtahan verməli, nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri aparılmalı-dövlət qeydiyyatına alınmalı, nəqliyyat vasitəsinə nömrə nişanı verilməlidir. Bu prosedurlar ardıcıl şəkildə həyata keçirilməlidir. Lakin mopedlərlə bağlı qanunvericilikdə göstərilir ki, bu 50 kub/santimetrə görə həmin nəqliyyat vasitələrinə hər hansı qeydiyyat, sürücülük vəsiqəsi lazım deyil. 40-50 santimetrdən yuxarı olduqda artıq o motosiklet sayılır və ona görə də sürücü A və yaxud A1 alt kateqoriyası üzrə sürücülük vəsiqəsi almalı, nəqliyyat vasitəsi dövlət qeydiyyat nişanı ilə təchiz edilməlidir”.
E.Muradlı qeyd edib ki, ölkəmizdə bəzi moped sürücüləri vəziyyətdən sui-istifadə edirlər:
“Mopedin mühərrikinin həcminin kiçik olduğunu və buna görə də sürücülük vəsiqəsinə yaxud da qeydiyyat nişanına ehtiyac olmadığını bəhanə edirlər. Yol polisi əməkdaşları da bunları aşkarlayıb, tapır və barələrində tədbir görür. Bu günə qədər bir xeyli moped sürücüsü buna görə cərimələnib. Lakin görünən odur ki, vəziyyət dəyişmir. Ona görə də hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanda da mopedlərin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi öz təsdiqini tapacaq. Bu, əslində, bir çox aspektdən baxanda zəruri bir məsələdir. Çünki mopedlərlə bir çox hallarda narkokuyerliyə xidmət edənlər, cinayət şəbəkəsinə qoşulanlar, müxtəlif oğurluq hərəkətlərində iştirak edib, məsuliyyətdən yayınmağa çalışanlar var. Digər neqativlər artıq üzə çıxmaqdadır. O baxımdan düşünürəm ki, gələcəkdə bu məsələ artıq bir zərurətə çevriləcək və moped sürücülərinin də hər hansı bir firmada imtahan verməsinə ehtiyac yaranacaq və onlar məsuliyyətdən kənarda qala bilməyəcəklər. Bu gün bu problem özünü qabarıq şəkildə göstərir. Dəfələrlə xətalara yol verilməməsi ilə bağlı moped sürücülərinə xəbərdarlıq edilib, lakin bundan bir nəticə çıxarmırlar”.
İsmayıl Bakuvi