!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yolunu azan erməni inqilabı - Paşinyan avanturizmi dalana dirənir - Stefan Blank yazır

!Reklam – Yazi

Birləşmiş Ştatların milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ermənistana səfəri ölkədə baş verən konstitusiya böhranı və Qarabağda güclənən “dondurulmuş münaqişə” dövrünə təsadüf edib. 

Təəssüf ki, Ermənistandakı siyasi böhran Birləşmiş Ştatların xarici siyasətinin maraqlarına uyğun olsa da, bu böhranın demokratik kulminasiyaya çatacağı gözlənilmir. Ermənistanda demokratiyaya doğru yolun uğursuzluğu ölkədə sülh əldə etməyi çətinləşdirməklə yanaşı, Rusiyanın Cənubi Qafqazda nüfuzunu artırır.

Azərbaycanla Qarabağ uğrunda aparılan müharibə Ermənistanda demokratikləşdirmə yolunda olan ümidləri yox edir. Ermənistanın baş naziri Nikol Paşinyan ritorik erməni millətçiliyini ifrat dərəcəyə çatdıraraq, Qarabağ müharibəsinin həll olunması yolunda aparılan danışıqlarda Dağlıq Qarabağın müstəqilliyini tələb etməklə, danışıqlar prosesini çətinləşdirir. Eyni zamanda, Paşinyanın ölkənin hərbi büdcəsini artırması onun münaqişəni daha da ağır müharibə yolu ilə həll etmək niyyətində olduğunu göstərir.

Ermənistanın baş naziri və onun komandası ABŞ, yaxud Avropa İttifaqı ilə birlikdə hər hansı fəaliyyət qurmaqda uğursuzluğa düçar olub. Bunun əvəzində Paşinyan dəfələrlə Rusiyaya dəstəyini vurğulayaraq, Suriyaya “humanitar nümayəndə heyəti” göndərdi. Bundan əlavə, Paşinyan İranla ikitərəfli əlaqələrin əhəmiyyətini vurğuladı. Beləliklə, Paşinyan Ermənistana dəstək vermək niyyətində olan və onu Moskvanın hücumundan müdafiə etmək istəyən ABŞ-a qarşı siyasət yürütdü.

Paşinyanın bu siyasəti Rusiya ilə münasibətləri sahmana salmadı. Qərbdən dəstək almayan Ermənistan Rusiyanın şübhələri qarşısında hər hansı islahat keçirməkdə çətinlik çəkərək, Moskvanın güclü təsirindən çıxılmaz vəziyyətə düşüb. Əgər Paşinyan Rusiyayönümlü siyasət yürütmək istəyirsə, bu halda onun Ermənistandakı islahatları dayandırması mümkündür. Paşinyan belə bir siyasət həyata keçirməklə, köhnə rejimin tərəfdarlarından ibarət şəbəkənin Ermənistanın xarici siyasətinə təsirini azalda bilər. Bu istiqamətdə Rusiya prezidenti Vladimir Putini bir daha əmin etmək üçün Paşinyan Moskvaya çoxlu səfər edib. Bu səfərlər sırasında oktyabrın əvvəlində Moskvaya edilən eksprompt səfər xüsusilə seçilir.

İndi görünən budur ki, Paşinyan və onun komandası Ermənistanda islahatlar aparmaq üçün Rusiyanın dəstəyini almağa nail olmadı. Bu dəstəyi qazanmaq üçün Paşinyan və onun komandası Avropa ölkələri və ABŞ-la görüntü xatirinə sıx münasibətlər qurmaq üçün imkanlarını sərf etdilər.

Paşinyan hökuməti Ermənistanın daxilində yaxşılığa doğru heç nə əldə edə bilmir. Demokratik sütunun yaradılmadığı və yaxud Qərbin dəstəyinin əldə olunmadığı bu ərəfədə köhnə rejimin tərəfdarları Ermənistanı birbaşa böhrana sürükləyirlər. Bu yaxınlarda Paşinyan baş nazir vəzifəsindən istefa verərək, növbədənkənar parlament seçkilərinin keçirilməsinə cəhd göstərdi. Paşinyan mövqelərini gücləndirməyənə qədər baş nazir seçilmək niyyətində deyil. O, növbədənkənar seçkilər yolu ilə parlamentin tərkibini dəyişə biləcəyinə inanır. Paşinyan belə düşünür ki, devrilmiş hakimiyyətin tərəfdarları yeni parlamentdə təmsil oluna bilməyəcəklər.

Növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında qərarına baxmayaraq, Paşinyan ciddi xəbərdarlıq edərək bildirib ki, o, qanun qarşısında hesabat verəcək legitim hökumətin yaradılacağına inanmır. Əvəzində isə çox saylı bəyanatlar verərək, yeni parlamentin legitimliyinin xalqın iradəsindən asılı olacağını deyir.

Belə olan təqdirdə bütün dövlət institutları xalqın iradəsini əks etdirməlidir. Paşinyan bu ilin avqust ayında izdihamlı mitinqdə çıxış edərək, “Ermənistanda koalisyon hökumət yoxdur. Ermənistanda parlament çoxluğu da yoxdur. Ermənistanda əsas hakimiyyət xalqa məxsusdur və xalq birbaşa idarəetməyə malikdir. Bu, Ermənistanda baş verən inqilabın əsas mənasıdır”, – deyə bildirib. Paşinyan həmin mitinqdəki izdihamı “xalq idarəetməsinin ali orqanı” adlandırıb. Ermənistanın yeni rəhbəri böyük kütlə qarşısındakı çıxışında “bu hökumətin meydana hesabat verəcəyini, meydana tabe olacağını və ən vacib qərarların bu meydanda qəbul olunacağını” bəyan edib.

Bu, populizmin ən yüksək səviyyədə ifadə olunan antidemokratik forması olmaqla, Xuan Peron və Uqo Çaves kimi ziddiyyətli demokratik fiqurları xatırladır. Eynilə Paşinyan da demokratik mübarizə yollarının tükəndiyini və keçmiş rejimin qalıqlarını ram edə bilmədiyini aydın görür. Paşinyan belə düşünür ki, o, qanundan alidir. Paşinyana görə, özünün qanundan yüksəkdə olması ona qanundankənar əməllər törətməyə cəhd etmək imkanı verir. Paşinyan siyasi opponenti Robert Koçaryanı da məhz bu qənaəti əsasında həbs etdirmişdi. O, Koçaryanı 2008-ci il martın 1-də Ermənistanda fövqəladə vəziyyət elan edərək, etiraz nümayişlərini boğduğuna görə həbs etdiyini bildirib. Ermənistan qanunları ölkədə siyasi böhran zamanı fövqəladə vəziyyət elan edilməsinə imkan verir.

Lakin cəmi iki həftə sonra Koçaryanın həbsinin qanuna zidd olduğu müəyyənləşdi və Ermənistan hökuməti onu azadlığa buraxmaq məcburiyyətində qaldı. Ancaq bu həbs Paşinyanın Koçaryandan intiqam almaq cəhdi kimi qəbul edildi. Eyni zamanda, Koçaryanın həbs olunması Ermənistanda “demokratik dövlət” qurulmasına “hüquqi obraz” qazandırmadı.

Beləliklə, Paşinyanın parlamenti buraxmaq, növbədənkənar seçkilərin keçirilməsini dəstəkləmək və qubernatorları vəzifədən azad etməklə bağlı tələsik qərar verərək Ermənistanı konstitusiya böhranına salması təəccüb doğurmur.

Eyni zamanda, may ayından bu yana Ermənistanda baş verən qaranlıq proseslər Paşinyanın istədiyi siyasi vəziyyətin yaradılması cəhdi kimi görünür. Belə olan təqdirdə, biz növbəti çıxılmaz vəziyyət və ya həlli mümkün olmayan gərginliklə qarşılaşmayacağımıza əmin ola bilərik? Paşinyanın bu günə qədər nümayiş etdirdiyi siyasi baxışlar onun hökumətinin Konstitusiyaya uyğun olaraq, parlament qarşısında hesabatlılıq sisteminə sadiq qalması məsələsində bizim nikbin ola bilməyəcəyimizi göstərir.

Əgər bu inqilab Ermənistanı korrupsiya bataqlığından çıxarmazsa və keçmiş siyasi rəhbərlərin qonşularla apardıqları müharibənin yenidən alovlanması təhdidləri aradan qalxmazsa, o zaman demokratik hökumətin yaradılması uğrunda mübarizə və ABŞ-ın maraqları ciddi çətinliklərlə üzləşəcək.

 

Stefan Blank,

Amerika Xarici Siyasət Şurasında böyük elmi işçi, Rusiya və postsovet ölkələri üzrə ekspert

 

Qeyd: “Birləşmiş Beynəlxalq Mətbuat” (United Press International) UPI.com və onun lisenziya əsasında göstərdiyi xidmətlər vasitəsilə dünya miqyasında milyonlarla oxucunu xəbərlərlə, fotolarla və informasiya ilə təmin edən aparıcı təşkilatdır.

UPİ 1907-ci ildən etibarən mötəbər hesabatlar yaymaqla, hazırda gündəmdə baş verən ən mühüm hadisələrin ciddi informasiya mənbəyidir. UPİ ABŞ və dünya miqyaslı xəbərlər, o cümlədən əyləncə, elm, səhiyyə mövzularında məlumatlar və gözəl fotolar yayaraq davamlı olaraq yenilənir.

UPİ həmçinin enerji, təhlükəsizlik və geosiyasi əhəmiyyət daşıyan mövzulara dair dərin məzmunlu hesabatlar təqdim edir. İspan dilində yayımlanan xəbər saytını Latın Amerikası ölklərində və onun hüdudlarından kənarda milyonlarla oxucu gündəlik izləyir.

UPİ 1907-ci ildə E. W. Scripps tərəfindən “Birləşmiş Mətbuat” (UP) kimi yaradılıb. 1958-ci ildə Uilyam Rendolf Herst ( William Randolph Hearst) tərəfindən təsis olunan “Beynəlxalq Xəbərlər Xidməti” (International News Service) birləşdikdən sonra “UPİ” kimi tanınmağa başlayıb.

Bu gün UPİ “Dünya Xəbərlər Kommunikasiyası” (News World Communications) tərəfindən idarə olunur. UPİ Vaşinqton şəhərində və Florida ştatının Boka Reton (Boca Raton) şəhərində yerləşir.

www.yenicag.az

12943
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv