“Azərbaycanlı qadın “Youtube”un baş ofisində intihar etdi – VİDEO+YENİLƏNİB

“YouTube” servisinin Şimali Kaliforniyadakı baş ofisinə silahlı hücum təşkil edən qadının kimliyi bəlli olub.

Yenicag.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nasim Aqdam adlı qadının yerli sakin olduğu və şirkətlə heç bir əlaqəsi olmadığı bildirilir.

Təklikdə hərəkət edən qadın 4 nəfəri yaralayıb, onların birinin vəziyyəti kritikdir. Ölmüş halda tapılan qadının intihar etdiyi güman edilir.

Yerli KİV-in polisə istinadən yaydığı məlumata görə, insidentin terrorla əlaqəsi yoxdur. İlkin ehtimala görə, atışmaya səbəb məişət davası olub.

Prezident Donald Tramp bütün zərərçəkənlərə dəstəyini ifadə edib.

Xarici media Nasim Ağdam adlı qadının Cənubi Azərbaycandan olduğu və YouTube-da blogger fəaliyyəti ilə məşğul olduğunu yazır. Qeyd edək ki, adıçəkilən sosial şəbəkədə qadının çoxsaylı ingilis və Azərbaycan dillərində yayımlanan videoları var. Qadının atası İsmayıl Ağdam bildirib ki, şirkət YouTube-dakı videolarına görə pul ödəməkdən imtina etdiyi üçün qızı şirkətə qarşı aqressiv olub.

***

“YouTube” şirkətinin ABŞ-ın Kaliforniya ştatındakı mənzil-qərargahında silahlı insident qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə şirkət rəsmilərindən Vadim Lavrusik “Tvitter” hesabında məlumat yayıb:

“Naməlum şəxs “YouTube”-un mənzil qərargahında atəş açıb. Atəş səsini eşitdikdən sonra insanların necə qaçdığını gördüm. İş yoldaşlarımızla otağımızda barrikada qurmuşuq”.

Bir qədər sonra isə o, binadan təxliyyə olunduqlarını da xəbər verib.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilmir.

 

COP29