“Azərbaycan dövlətçilik tarixində Cümhuriyyətin özünəməxsus xüsusi bir yeri vardır. Bunlar bir sıra amillərlə əlaqədardır”.
Bu sözləri Yenicag.az-a tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Boran Əziz deyib.
Həmsöhbətimiz 28 May – Müstəqillik Günü münasibətilə öz fikirlərini bölüşüb.
O, xatırladıb ki, dövlətçiliyimiz e.ə. III-II minilliklərdən başlayır, lakin Cümhuriyyətə qədər olan heç bir dövlətin adı Azərbaycan, paytaxtı Bakı olmayıb.
“İlk dəfə Məhəmməd Əmin Rəsulzadə və digər qurucu babalarımız bu adda dövlət qurdular. Bundan başqa, Cümhuriyyətə qədər babalarımızın yaratdığı dövlətlərin hamısı, demək olar ki, sülalə dövləti olub. İlk dəfə torpağı nurla dolmuş qurucu babalarımız milli dövlət qurmuşlar. Milli dövlətin özünəməxsus xüsusiyyətləri olub. Azərbaycanın müxtəlif bölgələrindən çıxmış ziyalı təbəqə milli təəssübkeşliyi olan sahibkarlarla birlikdə bir iman ətrafında, bir ideologiya əsasında birləşib Azərbaycan Xalq Cümhuriyyətini yarada bildilər. Ona görə də qurucu babalarımız yaratdığı dövlətin yeraltı və yerüstü zənginliklərindən acgözcəsinə öz şəxsi məqsədləri üçün istifadə etməmiş, dövlətin malını talamamışdılar. Məhz bunun üçün insanların onlara sevgisi və məhəbbəti bununla bağlı idi””, – deyə o bildirib.
“Yeri gəlmişkən, sonralar – 1920-ci ilin may ayının 16-da Nəriman Nərimanov Bakıya gəldikdən sonra Təzəpir məscidində çıxış edərək bildirdi ki, onlar komissiya yaradıblar və onlar bu yaxınlarda müəyyənləşdirəcəklər ki, Cümhuriyyəti quranlar xalqın malını çapıb-talamış və millətə xəyanət etmişdilər. Lakin onlar Nərimanovun işlədiyi dövrlərdə bununla bağlı nə qədər araşdırma aparsalar da, heç nə tapa bilmədilər. Heç tapa da bilməzdilər, çünki onlar belə fikirdə də olmamışdılar”, – deyə o, əlavə edib.
B. Əzizə görə, sonralar Azərbaycan SSR-ə rəhbərlik etmiş Levon Mirzoyan, eyni zamanda, Nikolay Gikalo da Bakı şəhər Partiya Komitəsinin genişləndirilmiş iclasında ağızı köpüklənə-köpüklənə əlini tribunaya vurub tələb edirdi ki, bolşeviklər nə üçün guya anti-xalq hökuməti olan Müsavat hökumətinin əhalini malını talan etməsi ilə bağlı sənədləri üzə çıxarmırlar:
“Beləliklə, nə Mirzoyan, nə də Gikalo nə qədər çalışsalar da, heç nə tapa bilmədilər. Bu da onu göstərirdi ki, qurucu babalarımız nə təkcə ata və babalarının deyil, həm də özlərinin var-dövlətini cümhuriyyətinin qurulmasına, möhkəmlənməsinə sərf etmişdilər. Bununla bağlı ən birinci örnək Nəsib bəy Yusifbəylinin atasına, eyni zamanda da atasının ona göndərdiyi məktubdur”.
Onun sözlərinə görə, Nəsib bəy Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olarkən atasına aldığı torpağın qırağına qamış çəkmək üçün borc pul istəmişdi:
“Nəsib bəyin həmin dövrdə Bakıda evi yox idi və o, kirayə qalırdı. Çox maraqlıdır ki, eyni dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin digər rəhbər şəxsləri də olub. Məsələn, Cümhuriyyət dövründə yollar naziri olmuş Xudadat bəy Məlik-Aslanov 1919-cu ildə parlamentin 92-ci iclasında çıxış edərək bildirmişdi ki, Nəsib bəyin evi yoxdur. O, əlavə etmişdi ki, xaricdən qonaq gəlməmişdən qabaq axtarışlar elan aparırlar ki, bu adamları kimin evində qəbul etsinlər. Ona görə də o, xahiş etmişdi ki, ikinci əl olması ehtimalı ilə stol və stul almasına icazə versinlər və sədr vəzifədən çıxanda o, stullar və stollar dövlətə qalacaq”.
Tarixçi alim aydınlaşdırıb ki, Cümhuriyyəti quran şəxslər yüksək əxlaqa sahib olan adamlar idi:
“Qurucu babalarımız nə qədər çətin də olsa, 97,3 min km2-lik bir ərazi yarada bildilər. Həm də onlar Cümhuriyyəti qurarkən adı Azərbaycan olan bir ərazidə ölkə yaratmamışdılar. Əksinə, çar Rusiyasının işğalı nəticəsində param-parça edilmiş və Yelizavetpol, Bakı və İrəvan quberniyası ərazilərin bir hissəsində Azərbaycan Xalq Cümhuriyyətini qurmağa nail oldular ki, bu da onların tarixi xidmətlərindən biridir. Cümhuriyyətin dövründə, təxminən 350 ilkə imza atılmışdı ki, bunların hamısı haqqında danışmaq mümkün deyil.
Bu adamlar sona qədər Azərbaycan dövləti və millətinə sədaqətli şəxslər olublar. Bu gün mövcud olan Azərbaycan Respublikası da məhz Cümhuriyyətin varisidir. Şübhəsiz ki, qurucu babalarımızın ruhları torpaqlarımız işğaldan azad olunduğuna görə şaddır. Bu baxımdan, Cümhuriyyətin mövcudluğunu yada salan və onu təbliğ edən insanların hamısına “var olun!” deməliyik”.
Rafi Müslümov