Ötən il Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində aparılan xidməti yoxlamalar zamanı 44 hərbi qulluqçu cəzalandırılıb, onlardan 2 gizir, 4 baş çavuş xidməti uyğunsuzluğa və hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 345 hərbi qulluqçusu mükafatlandırılıb, 15 hərbi qulluqçu Prezidentin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb, 24 hərbi qulluqçu Türkiyəyə müxtəlif sahələr üzrə kurslara göndərilib.
Kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2023-cü ildə də davam etdirilib. Hesabat dövründə könüllülük prinsipi əsasında, ümumilikdə, 228 nəfər həqiqi hərbi xidmətə qəbul ediliblər. Ötən il ərzində 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib.