Xəbər verildiyi kimi Azərbaycanda sahibkarlıq subyektləri daha 4 il müddətinə yoxlamalardan azad edildi. Belə ki, dövlət başçısının göstərişi ilə sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması 2021-ci ilin yanvarın 1-dək uzadılıb.
Məsələni Yenicag.az-a şərh edən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirlinin fikrincə, yoxlamalara veto qoyulması müddətinin uzadılması iqtisadi inkişafa stimul yaradacaq:
“Son iki il göstərdi ki, sahibkarlıq subyektlərinin yoxlanılmasına fasilə verilməsi doğrudan da mühüm addım oldu. Bu mənada prosesin daha 4 il müddətinə uzadılması da müsbət haldır. Çünki sahibkarlığın inkişaf etməsinə mane olan başlıca amillərdən biri məhz yersiz yoxlamalarla bağlı idi. Belə ki, həmin yoxlamalar nəticəsində sahibkarlıq fəaliyyətinə lazımsız, bəzən hətta qeyri-qanuni müdaxilələr edilirdi. Məmurlar öz səlahiyyətlərindən sui-istifadə edərək, onlara problemlər yaradırdı. Yoxlama müddətinin uzadılması hər halda iqtisadiyyatın inkişafına müəyyən stimul yaradacaq. Amma yoxlamalar olmadan tam sabit bir iqtisadiyyat qurmaq da mümkün deyil. Bununla belə, müəyyən mərhələyə qədər sahibkarlıq fəaliyyətinə geniş azadlıqların verilməsi vacib elementdir ki, onlardan biri də yoxlama tətillərinin müddətinin uzadılması məsələsidir”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov da bu qənaətdədir ki, sözügedən yoxlamaların dayandırılması müddətinin 2021-ci ilə qədər uzadılması yığımlara müsbət təsirini göstərəcək:
“Sahibkarlıq subyektlərinin yoxlanılması müddətinin uzadılmasını hardasa gözləyirdik. Çünki bu istiqamətdə yeni addımın atılması ictimai tələbə çevrilmişdi. Sahibkarlarla söhbətlərdən bəlli olur ki, yoxlama müddətinin dayandırılması onların xərclərinin müəyyən qədər azalmasına gətirib çıxarıb. Həmçinin, məmur müdaxilələrinin azalmasına da kömək edib. Belə bir vəziyyətdə müddətin daha 4 il uzadılması ilə bağlı göstəriş verilməsi müsbət məqamdır. Bu addım eyni zamanda növbəti dövrlərdə yığımlara da müsbət təsir göstərəcək, sahibkarlıq fəaliyyəti istiqamətində pozitiv təsirlərilə yadda qalacaq. Sərəncamın icrası müddətində birbaşa olaraq sahibkarlıq subyektlərinə müdaxilə edən bir sıra dövlət qurumları çalışırdı ki, yoxlamaların dayandırılması müddətinin uzadılması prosesini sabotaj etsinlər. Onlar iddia edirdi ki, guya sahibkarlar prosesdən sui-istifadə edir. Onlar bu kimi dezinformasiyalarla ictimai fikri dəyişməyə çalışırdılar. Nə yaxşı ki, bu yanaşmalar dəstəklənmədi”.
ELÇİN