YT Parkın direktoru: Ordumuzun nailiyyətlərində yüksək texnologiyaların əvəzsiz rolu var

Məlumdur ki, sentyabrın 27-si səhər saatlarında işğalçı Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmuş, nəticədə onlarla mülki şəxs yaralanmış, bir çox evlər yararsız vəziyyətə düşmüşdür. Bundan sonra Ali Baş Komandanın əmri ilə bütün təmas xətti boyu əks-hücum əməliyyatlarına başlanılmışdır. Qarabağ uğrunda bu günədək davam edən döyüşlərdə əzmkar ordumuz Cəbrayıl şəhərini, o cümlədən bu və digər rayonların bir neçə kəndini, bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri işğaldan azad etmişlər.

Oktyabrın 9-da AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan orudusu ilə Qarabağın düşməndən azad edilməsi uğrunda mübarizədə əldə etdiyi tarixi nailiyyətlərə həsr olunmuş toplantı keçirilib.

Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

YT Parkın direktoru Vasif Abbasov tədbiri giriş sözü ilə açaraq bu gün xalqımızın mühüm tarixi hadisələrə şahid olduğunu deyib.

Qeyd edib ki, hazırda Azərbaycan ordusu cəbhə bölgəsində böyük qəhrəmanlıq göstərərək illərdir ki, düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparır, düşmənə layiqli cavab verirlər.

Akademiyanın elmi müəssisə və təşkilatlarında müzəffər Azərbaycan ordusunun nailiyyətlərinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir, Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edilir, əsgərlərimizə yardımlar göndərilir.

Direktor qeyd edib ki, bu çətin günlərdə AMEA-nın qurumlarından biri kimi biz də üzərimizə düşən məsuliyyəti dərk etməli, həmrəy olmalıyıq. V.Abbasov Yüksək Texnologiyalar Parkı, eləcə də onun rezidenti olan Təcrübə-Sənaye Zavodunun da orduya dəstək təşəbbüsünə qoşulduğunu bildirib. O, Tərtər və Füzuli bölgələrində yerləşən tibb məntəqələrinə və hərbi hissələrə əsgərlərimiz üçün zəruri olan müxtəlif tibbi ləvazimatlardan ibarət yardımın, eləcə də YT Parkda istehsal olunan digər məhsulların göndərildiyini diqqətə çatdırıb.

Parkın direktoru müharibə başlayan ilk günlərdən etibarən bütün xalqın vahid şəkildə səfərbər olaraq həm dövlət başçısını, həm də ordumuzu dəstəkləməsini, əsgərlərə əzmkarlıq ruhunu aşılamasını son dərəcə təqdirəlayiq hal kimi qiymətləndirib. O, YT Parkın Akademiyanın orduya dəstək təşəbbüslərində davamlı olaraq iştirak etməyə hazır olduğunu bildirib.

“Azərbaycan ordusunun nailiyyətlər əldə etməsində yüksək texnologiyaların, müasir qurğuların, kosmik peyklərin əvəzsiz rolu vardır. Ölkə rəhbərinin hərbi sahədə apardığı məqsədyönlü islahatların nəticəsidir ki, bu gün ordumuz müasir tipli döyüş təyyarələri, hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları kimi intellektual texnologiyalarla təchiz olunmuşdur”, – deyə V.Abbasov əlavə edib.

Sonra YT Parkın direktor müavini Elyar Kərimov çıxış edərək Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda əldə olunan qələbələr münasibətilə bütün əməkdaşları təbrik edib, bu zəfərin hər bir azərbaycanlıya böyük ruh yüksəkliyi və sevinc bəxş etdiyini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli çıxışları, ciddi arqumentləri bu konfliktin hərb yolu ilə həll oluna biləcəyini bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə, həmçinin YT Parkın Hüquq və insan resursları şöbəsinin müdiri Fikrət Qaibov və digərləri çıxış edərək siyasi və sosial mənsubiyyətindən asılı

olmayaraq hər kəsin dövlət başçısının ətrafında sıx birləşdiyini söyləyib, qəhrəman əsgərlərimizin qələbə uğrunda sona qədər mübarizə aparacaqlarına inamlarını ifadə ediblər. Eləcə də Azərbaycan ordusunun davamlı olaraq zəfər qazanmaları uğrunda istər maddi, istərsə də mənəvi cəhətdən yardım göstərməyə, ianələr etməyə, lazım gələrsə Mərkəzi Qan Bankına qan verməyə hazır olduqlarını vurğulayıblar.