Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı təyin edilib.
General-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.
Yenicag.az xatırladır ki, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət İzzət oğlu Mirzəyev Biləsuvarda anadan olub.
O, Birinci Qarabağ müharibəsində xüsusi təyinatlı taborun tərkibində döyüşüb.
Hikmət Mirzəyev ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə “polkovnik-leytenant” rütbəsini daşıyıb. Ona “polkovnik” rütbəsini də məhz Heydər Əliyev təqdim edib.
Hikmət Mirzəyev 2002-ci ilin 19 yanvarında Heydər Əliyevin imzaladığı sərəncamla “general-mayor” hərbi rütbəsini alıb.
Hikmət Mirzəyev 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Cəbrayılın və Şuşanın azad edilməsi əməliyyatlarına başçılıq edib.
Prezident İlham Əliyevin 2020-ci ilin oktyabrın 17-də imzaladığı sərəncamla Hikmət Mirzəyevə “general-leytenant” hərbi rütbəsi verilib.
Hikmət Mirzəyev adını tarixə Şuşa fatehi kimi yazdırıb.
Şuşa işğaldan azad olan gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hikmət Mirzəyevə zəng edib.
Ali Baş Komandan Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətinə təbriklərini çatdırıb.
Onu da bildirək ki, 2016-cı ilin aprel döyüşlərində torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında iştirak ediblər.