Azərbaycanda son 5 ayda ÜDM 7,2 faiz artaraq 30 milyard dollara çatıb, neft gəlirləri 2, qaz gəlirləri isə 8.5 dəfədən çox artıb. Məlumata görə, ərzaq məhsulları 18 faiz bahalaşıb.
Mövzu ilə bağlı iqtisadçı Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında ölkədəki sosial-iqtisadi vəziyyəti dəyərləndirib.
Onun sözlərinə görə, büdcə şəffaflığının arzuolunan səviyyədə olmaması əhalinin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir:
“Bu gün dünyada qlobal səviyyədə inflyasiya yaşanır. Türkiyə, ABŞ, Böyük Britaniya və Avropa ölkələrində inflyasiya səviyyəsi daha yüksəkdir. Azərbaycanda isə rəsmi inflyasiya 13 faizə yaxındır. Ölkədə idxaldan asılılığın yüksək olması və kənd təsərrüfatı məhsullarının qiymətinin ucuzlaşmaması fonunda əməkhaqqı, müavinət və pensiyalarda artım olmalıdır. Dünya bazarında neftin qiymətinin bahalaşmasını nəzərə alsaq, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəəti artır. Mənfəətin artması vergi ödənişlərinin artımına da səbəb olur. Son nəticədə, büdcənin əlavə vəsait imkanları yaranır. Bütün bunlara baxmayaraq, əməkhaqqı və pensiyaların qalxmamasının yeganə səbəbi korrupsiyadır. Çünki əməkhaqqı və pensiyanın qalxması sui-istifadə hallarının yaranmasına şərait yaratmayacaq. Ona görə də əldə olunan vəsait daha çox investisiya sahəsinə yönəldilib və qapalı biznesə çevrilib. Nəticədə, böyük pullar oğurlanır və Azərbaycan xalqının rifahına əngəl törədir”.
Gülşən Şərif