Bakının Yasamal rayonu, Məhəmməd Xiyabani 133-135 ünvanında yerləşən “Yüksəliş” yaşayış kompleksinin rəhbərliyinin iki ilə yaxındır ki, sakinlərin hüquqlarını tapdalaması ilə bağlı yazmışdıq. Həmin ünvanda yaşayan bir qrup sakin virtualaz.org saytına yazılı şəkildə müraciət edərək “Turac-AF” MTK tərəfindən 2017-ci ildə tikilərək təhvil verilən binada sakinlərə əvvəlcədən verilən vədlərin yerinə yetirilmədiyini bildirmişdilər.
Yazı saytımızda dərc olunandan sonra isə sakinlər onların səslərinin nəhayət eşidilməsindən ruhlanıblar və bu dəfə şəxsən redaksiyamıza gələrək problemi yenidən işıqlandırmağımızı, tapdanan hüquqlarının bərpasına köməklik göstərməyimizi xahiş ediblər.
Şikayətçilər iddia edirlər ki, kompleksi tikib mənzilləri satan “Turac AF” MTK rəhbərliyi özbaşınalıq edərək onlara müqavilədə nəzərdə tutulduğundan təxminən 10-30 kvadratmetrə qədər az sahəyə malik mənzillər verib.
Habelə mövcud mənzil qanunvericiliyinə uyğun olaraq şirkətdən binanın idarə edilməsini təhvil-təslim almaq istəsələr də, MTK lazımi sənədləri verməkdən imtina edir və süni problemlər yaradır. Bundan başqa, sakinlər həm də, binada olan və sakinlərin avtomobil saxlaması üçün nəzərdə tutulan yeraltı dayanacağın başqa şəxsə satılmasından şikayətlənirdilər.
Redaksiyamıza üz tutan sakinlər əlavə bunları bildiriblər ki, birinci mərtəbədə satılmış obyektdə təmir işləri aparılarkən döşəmənin beton örtüyü deşilib, armaturlar kəsilib və yeraltı qaraja yol açılıb: “Həmin yeraltı qaraja çıxışla qaraj sahəsini məhdudlaşdıraraq hörgü işləri aparıblar. Bu isə binanın qəzalı vəziyyətə düşməsinə gətirib çıxarıb. Biz buna etiraz edirik, tikinti isə şirkəti qanunsuzluğa göz yumur”, – Daşqın Qəhrəmanlı adlı sakin bildirir.
Sakinlər deyirlər ki, MTK binanı onlara təhvil vermək istəmir. Saxtakarlıq edərək sakinlərə naməlum sənədə qol çəkdirilib. Sonda məlum olub ki, həmin sənəd kooperativə yeni, özlərinin istədikləri şəxsin seçilməsi ilə bağlıdır.
“Hazırda “Turac AF” MTK Müşfiq adlı komendatın köməyi ilə, bəzi sakinləri aldadaraq imza toplayıb və mənzil mülkiyyətçilərinin ümumi yığıncağı olmadan, müvafiq qərar olmadan Bəhruz adlı şəxsi sədr seçib. Onlar bina sakinlərinin ümumi razılığı olmadan binanı öz əllərində saxlamaq və qanun pozuntularını ört-basdır etmək istəyirlər. Əslində isə komendantın imza toplamaq səlahiyyəti yoxdur. Bu tikinti şirkəti artıq hər cür saxtakarlığa əl atır”, – Eldar Süleymanov adlı sakin deyir.
Şikayəti araşdırmaq üçün “Turac AF” MTK-nın icraçı direktoru Əli Allahverdiyevlə əlaqə saxladıq. Lakin icraçı direktor danışmaq istəməyərək telefonu söndürdü. Amma şikayətdə adı keçən, kooperativin komendantı Müşfiq şəxs suallarımızı cavablandırdı.
“Biz heç bir saxtakarlıq etməmişik. Sakinlər iddia edirlər ki, müqavilədə göstəriləndən az ölçüdə mənzil alıblar. Əslində isə bizdə ölçü çöldən-çölə hesablanıb. Bundan əlavə, Əmlak Məsələləri Dövlət Komitəsi çıxarış verərkən eyvanların 30 faizini qeydə alır. Bu səbəblərdən də müqavilə ilə “kupça” arasında fərq yaranır, amma bu sakinlər ev alan zaman onlara izah olunub. Sakinlərin aldadılaraq ağ vərəqə imza atmasına gəlincə isə, bu doğru deyil. Onlar hamısı öz razılıqları ilə sədri seçiblər. Əgər kiminsə ambisiyası varsa, özü komendant olmaq istəyirsə, ona bir söz deyə bilmərik. Əksinə onlar sakinləri aldadaraq imza toplayıblar”, – komendant deyir.
O, həmçinin bildirdi ki, binanın birinci mərtəbəsi obyekt kimi satılıb. Qarajın bir hissəsində isə həmin obyektə məxsus dərman ləvazimatlarının anbarı olacaq. Anbara yol açmaq üçün beton kəsilib, amma obyekt rəhbərliyi monoliti kəsib, rigerə dəyməyiblər. Komendantın sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da ərazidə olub və bunu təsdiqləyiblər.
Qarajın sakinlərə verilməməsinə gəlincə isə, komendant bildirdi ki, kim qarajı alıbsa, onlar istifadə edə bilər. Müqavilədə qarajın sakinlərə verilməsi nəzərdə tutulmayıb.
Qeyd edək ki, “Turac AF” MTK barəsində ən çox şikayət edilən şirkətlər arasındadır. Bir müddət əvvəl Prezident Administrasiyası nöqsanlara yol verən 30-dan çox şirkətin adını açıqlamışdı və onların arasında bu tikinti şirkətinin də adı var idi.