Azərbaycanda dövlət idarəetmə sistemi yeni mərhələyə qədəm qoyur.
Daha dəqiq ifadə etsək, bu sistemin ən vacib elementi olan kadrların seçilməsi mexanizmi ənənəvi üsullardan tamamilə fərqli bir mexanizm əsasında həyata keçiriləcək. İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması – Azərbaycan Prezidentinin “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Sərəncamı məhz bu üç mühüm məqsədi özündə ehtiva edir.
Hər bir ölkə üçün intellektual, müasir təfəkkür tərzinə və yeni idarəçilik təcrübəsinə malik kadr bazasının formalaşdırılması dövlətin inkişafının əsas şərtlərindən biri kimi qəbul edilir. Bu baxımdan təklif olunan yeni mexanizm ölkənin bütün vətəndaşlarına dövlət idarəçiliyində təmsil olunmaq üçün bərabər imkanlar yaradılır. Müasir Azərbaycan reallığında bu, inqilabi addım kimi də xarakterizə oluna bilər. Ölkənin hər yerində yaxşı təhsil görmüş, lakin obyektiv və ya subyektiv səbəblərdən öz potensialını reallaşdırmaq üçün imkan tapmayan yüzlərlə, bəlkə də minlərlə vətəndaşa bütün intellektual, idarəçilik keyfiyyətlərini nümayiş etdirmək üçün ənənəvi amillərin təsirindən kənar yeni bir platforma təqdim olunur.
Platformanın əsas üstünlüyü hər kəsə bərabər şərtlərə əsaslanan imkanlar yaratmasındadır ki, bu da sosial lift mexanizmlərinin işə salınması deməkdir. “Yüksəliş” ən ucqar kənddə sadə həyat tərzi keçirən bir gənclə paytaxtda yaşayan həmyaşıdları arasında bərabərlik işarəsi qoyur! Nəticədə rəhbər kadrların seçilməsi, formalaşdırılması üçün mövcud olan qapalı dairə indi müasir, intellektual səviyyəsi yüksək olan bütün insanların üzünə açılır.
Digər bir vacib məqam isə heç şübhəsiz, nəhəng və çoxşaxəli dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi, daha çevik elementlərlə zənginləşdirilməsi ola bilər. Sosial-iqtisadi islahatların çox sürətlə həyata keçirildiyi Azərbaycanda çevik idarəetmə mexanizminə indi daha çox ehtiyac var. Əlbəttə ki, indiki modelin bu tələblərə tam cavab vermədiyini söyləmək üçün ciddi əsaslar yoxdur. Lakin bütün digər sahələr kimi, idarəçilik sistemi də daim yenilənməyə, müasir və indi çox dəbdə olan ifadəylə desək, yaradıcı olmağa məcburdur. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, süni intellektin bütün sahələri öz inhisarına aldığı indiki zaman kəsimində yenilikçi təfəkkürün nə qədər mühüm önəm daşıdığını izah etməyə yəqin ki, ehtiyac yoxdur.
Etiraf etmək lazımdır ki, Azərbaycanda kadrlara bərabər imkanların yaradıması sahəsində uzun illər ərzində formalaşmış problemlər var və onları həll etmək artıq günün tələbinə çevrilib. Problemin əgər belə ifadə etmək mümkünsə, ən təhlükəli tərəfi ondan ibarətdir ki, ölkədə məhdud elita formalaşmağa başlamışdı. Bu da nəticə etibarilə cəmiyyətdə əslində, bitərəf siyasi baxışlara malik müəyyən qrup və ya təbəqələrin marginallaşmasına şərait yaradırdı. Məhz bu baxımdan, dövlət başçısının imzaladığı sərəncam idarəetmə sisteminin formalaşmasında yeni mexanizmlərin tətbiqinə, beləliklə də cəmiyyətdə müəyyən sosial qrupların təcrid olunması barədə formalaşmış təsəvvürlərin dəyişdirilməsinə xidmət edir.
“Yüksəliş” müsabiqəsinin ən vacib əhəmiyyəti də elə bundan ibarətdir. Bu mexanizm idarəçiliyə yeni münasibətin ifadəsi olmaqla yanaşı, həm də cəmiyyətdə konsolidasiyanın dərinləşməsinə, güclənməsinə xidmət edə bilər.
Və nəhayət, müsabiqə həm də ölkədə müasir tələblərə uyğun kadr bankının yaradılmasına xidmət edəcək. Azərbaycanda bu sahədə uzun illərdir bir sıra tədbirlər həyata keçirilib.
Dövlət qulluğuna qəbul prosedurları xeyli dərəcədə şəffaflaşdırılsa da (test, müsahibələr), bu, daha çox orta və aşağı səviyyəli vəzifələrdə çalışmaq istəyən vətəndaşlar üçün əlçatan sistem kimi özünü ifadə edib. Eyni zamanda, müxtəlif dövlət orqanları da işəqəbul mexanizmlərini təkmilləşdirsələr də, idareedicilərin seçimi üçün geniş imkanlar açılmayıb. Ən əsası, bir çox hallarda kadrların seçimi zamanı subyektiv amillərin təsirindən yan keçmək mümkün olmayıb.
“Yüksəliş” müsabiqəsi isə daha yuxarı vəzifələrə layiq gəncləri daha ədalətli şərtlər əsasında müəyyənləşdirməyi hədəf götürüb. Bu baxımdan, yeni mexanizmin əhəmiyyətini artıran əsas amillərdən biri idarəetmə sistemi üçün daha keyfiyyətli kadr bankının yaradıması ola bilər.
İdeya kifayət qədər cəlbedicidir. Bir çox ölkələrin təcrübəsi də göstərir ki, belə bir mexanizmin tətbiqi Azərbaycanda bir addımla bir neçə sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılmasını təmin edə bilər. Ən əsas məsələ həm də ondan ibarətdir ki, “Yüksəliş” Prezidentin ötən il başladığı kadr islahatlarının davamıdır. Sadəcə, bu müsabiqə keyfiyyət, forma və məzmununa görə daha böyük strateji hədəflərə istiqamətlənib.
Elşad Miraləm
Oxu.az