“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinə həsr olunan vebinar təşkil edilib.
Yenicag.az xəbər verir ki, vebinarı Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova təqdim edib.
Vebinara “Yüksəliş” layihəsinin iştirakçısı olan 400-ə yaxın dinləyici ilə yanaşı, maraq göstərən digər şəxslər də qatılıb.
İştirakçılara AXC dövründə (1918-1920-ci illərdə) ölkənin siyasi vəziyyəti, beynəlxalq siyasi əlaqələrin qurulması, təhsil və mədəni sahədə görülən işlər, parlamentin öhdəlikləri, dövlət rəmzlərinin qəbulu, cümhuriyyətin banilərinin həyatı barədə məlumat verilib. Firdovsiyyə Əhmədova həmçinin bu dövrü araşdırmaq marağında olan tədqiqatçılara yeni istiqamətlər və araşdırılmasına ehtiyac olan mövzularla bağlı tövsiyələrini çatdırıb. Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.