“Yüksəliş” müsabiqəsi onlayn mərhələnin hər iki imtahanı uğurla başa çatıb.
Müsabiqədən Yenicag.az-a verilən məlumata görə, ilk dəfədir keçirilməsinə baxmayaraq, onlayn mərhələdə 7 059 nəfərin iştirak etməsi müsabiqənin ictimaiyyət arasında böyük maraq doğurduğunu göstərir. Eyni zamanda iştirakçı sayının çoxluğu “Yüksəliş” müsabiqəsində böyük rəqabətin olduğunu deməyə əsas verir.
Xatırladaq ki, müsabiqədə qeydiyyatdan keçənlərin sayı 9 775 nəfər olub. Növbəti mərhələyə onlardan 976 nəfər (10%) buraxılıb.
Öncədən də bildirildiyi kimi, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları dünyada qəbul olunmuş T-bal şkalası ilə qiymətləndirilib. Təyin edilən norma bütün iştirakçıların sualları cavablandırma nəticələrinin əsasında müəyyən edilir, yəni blok və variant üzrə çoxlu sayda suallara doğru cavab verən iştirakçıların sayı artdıqca T-bal nisbətən aşağı, belə iştirakçıların sayı azaldıqca T-bal nisbətən yuxarı olur. Bir qədər də sadələşdirsək, sizin ümumi olaraq neçə suala düz cavab verməyinizlə yanaşı, düzgün cavab verdiyiniz hər suala sizdən başqa neçə nəfərin düzgün cavab verdiyi önəmlidir. Müsabiqədə toplanılan maksimal bal 709 olub. 700 baldan yuxarı yalnız 2 nəfər toplaya bilib: 706 və 709 bal. 650 baldan yuxarı 51 nəfər, 600 baldan yuxarı 440 nəfər nəticə göstərə bilib. Maksimal T-balın, o cümlədən keçid balının 572 olması bir daha təsdiq edir ki, müsabiqədə ümumilikdə rəqabət güclü olub.
976 iştirakçının 572 baldan yuxarı nəticə göstərməsini sevindirici hal kimi qeyd etmək istərdik. Bu göstərici müsabiqəyə qoşulan iştirakçıların bilik və bacarıqlarının ümumilikdə yüksək olduğunu təsdiqləyir.
Müsabiqənin növbəti mərhələsinə buraxılan bütün iştirakçılara uğurlar arzulayır və bundan sonra da yüksək intellektual potensiallarını nümayiş etdirəcəklərinə əminliyimizi bildiririk. Eyni zamanda, onlayn mərhələdə iştirakını başa vuran iştirakçılara təşəkkür edirik. İnanırıq ki, növbəti müsabiqələrdə onlar yenə bizimlə olacaq və daha böyük uğurlara imza atacaqlar.