“Yüksəliş”in onlayn imtahan hazırlığı

“Yüksəliş” sizinlə başlasın!

Bu sloqan artıq neçə aydır böyük marağa səbəb olmuş, kadr ehtiyatı bankının yaradılmasını hədəfləyən layihənin çağırışıdır. Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla təsis olunan “Yüksəliş” müsabiqəsi Onlayn mərhələ ilə namizədlərini seçməkdə davam edir.

Fevralın 16-da əsas imtahandır

İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini hədəfləyən müsabiqəsinin ilk əsas imtahanına 2 gün qalır. Müsabiqəyə qəbul edilmiş 9.775 nəfərdən 6944 namizəd artıq fevralın 8-də Onlayn mərhələnin Ümumi biliklər üzrə sınaq imtahanından keçərək, onları gözləyən növbəti mərhələlər üçün təcrübə əldə etmiş oldular. Əlbəttə ki, sınaq imtahanının nəticələri namizədlərin göstəricilərinə təsir etmir. Amma bu, əsas imtahana aid deyil. Əsas imtahanda iştirak etməyən şəxslər növbəti mərhələyə buraxılmayacaq.

Əsas imtahanda iştirakçıları nələr gözləyir?

Namizədlər tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 blok üzrə sualları cavablandırmalıdırlar. Yəni, sual blokları elə ilk tanışlıqdakı kimidir. Daha təfərrüatlı desək, hər fənn üzrə 21 sual təqdim olunur. Test suallarının nəticələri testi bitirən iştirakçılara təqdim edilir. İmtahan müddəti 2 saatdır. Hər sual üçün çətinliyindən asılı olaraq 30-50 saniyə vaxt ayrılıb. Test blokları arasında 10 dəqiqəlik fasilə olacaq. Bu fasilədən istifadə etmək iştirakçıların ixtiyarındadır.

İmtahana qatılmazdan əvvəl iştirakçıların diqqət yetirməsi vacib olduğu məqamlar da var. Belə ki, namizədlər imtahan verəcəyi məkanı əvvəldən müşahidə etməli, texniki göstəricilərini yoxlamalıdırlar. Çünki hər bir namizəd nəzərə almalıdır ki, imtahanda iştirak üçün yaranacaq hər hansı texniki məhdudiyyətə birbaşa özü məsuliyyət daşıyır. Müsabiqənin İşçi qrupu da eyni zamanda tərəfindən yaranacaq hər hansı bir problemlə bağlı öhdəliyi olan tərəfdir. İş yerindən imtahana qatılanlar isə yukselish.az saytına giriş məhdudiyyəti olmadığına əmin olmalıdırlar. Sayta firefox, safari və chrome brauzerlərdən biri vasitəsilə daxil olmmaq mümkündür. Həmin müddət ərzində internet bağlantısının minimal sürəti 100 Kbit/san olmalıdır. Hər bir test sualının cavablandırılması müəyyən vaxtla məhdudlaşdırılıb. Bu vaxtı əldən verənin geri qayıtmaq şansı olmur.

Çağrı Mərkəzi (1820) xidmətinizdədir

Təbii ki, layihənin işçi qrupu tərəfindən namizədlərin suallarını dərhal cavablandırmaq və bütün mümkün texniki çatışmazlıqları aradan qaldırmaq məqsədilə Çağrı Mərkəzi (1820) yaradılıb. Həmçinin layihənin sosial şəbəkələrdəki səhifələrinə, elektron poçtuna ünvanlanan müraciətlər daim diqqətdə saxlanılır.

Şəffaflıq öz əlinizdədir

İmtahanın Onlayn mərhələsi sizə “dosta zəng”, əlavə internet resurslarından istifadə imkanı verir əlbəttə. Nəzarət mexanizmi yalnız özünüz, bilik və bacarığınıza əminlikdir. Bu mərhələni kənar dəstək hesabına qazananların sevinci isə uzunmüddətli olmayacaq. Nəticədə Onlayn mərhələdən üzüağ çıxanlar Əyani mərhələyə yollanır. Bu məqamda isə səriştə, ümumi erudisiya ilə yanaşı, iştirakçıların sosial intellekti, düşünmə sürəti və kommunikativ bacarıqları yoxlanılacaq. Odur ki, növbəti mərhələlərdə rəqibləri üstələmək üçün idarəçiyə xas olan daha üstün keyfiyyətlər sizi yüksəlişə aparacaq.