Yunan generalların gizli hazırlığı: “Türkiyə ilə vuruşmaq üçün ən uyğun vaxtdır”

Yunanıstan hərbi rəhbərliyinin Tükiyəyə qarşı müharibəyə başlamaq planını müzakirə etdikləri üzə çıxıb. 

Yeniçağ.Az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzetinin yazarı Mehmet Acet bu gün dərc etdirdiyi köşəsində bildirib. Müəllifin yazdığına görə, təqribən bir ay əvvəl görüşdüyü yüksək rütbəli hərbçi ilə söhbətində maraqlı məlumatlar əldə edib:

“Ankarada yüksək rütbəli bir hərbçi ilə 15 iyul çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələrinə göstərdiyi mənfi təsirdən danışırdıq. O, mənə dedi ki, hərbi pilotların yarısı çevriliş cəhdində iştiraka görə həbs olunub. Hərbi aviasiya generallarının da yarısı eyni vəziyyətdədir. Bu boşluğu doldurmaq üçün daha intensiv rejimdə çalışırlar.
O, bu barədə danışarkən, təsadüfən Yunanistanda keçirilmiş bir toplantıdan söz açdı. Baş barmağını çiyninin arxasına tuşlayaraq, “Onun məlumatı buraya gəldi”, – dedi. (Deyəsən, Milli İstihbarat Təşkilatını, ya da Baş Qərargahı nəzərdə tuturdu).

Bəs həmin məlumatda nə deyilirdi?

FETÖ-nun Türkiyə ordusuna sızması ölkəmizə kəc baxanların da diqqətindən qaçmayıb. Söhbətləşdiyim yüksək rütbəli hərbçinin verdiyi məlumatın məzmunu bundan ibarətdir:
“2016-cı ilin sonlarında Yunanıstan Silahlı Qüvvələri Baş Qərargahının sədri Evangelos Apostolakis ilə müdafiə naziri Panos Kammenos Türkiyədəki vəziyyəti müzakirə etmək üçün bir toplantı keçiriblər. Apostolakis toplantıda bildirib ki, Türkiyə ilə müharibəyə başlayacağıqsa, ən yaxşı vaxt indidir”.

Yaxşı, yunan generallarının toplantısında hansı qərar qəbul edilib?

Həmsöhbətimin sözlərinə görə, yunanlar “kaş iqtisadiyyatımız bu qədər zəif olmayaydı” düşüncəsi ilə müharibədən imtina ediblər”.

Yeniçağ.Az