“Qədim tarixdə də yunan-fars müharibələri olub. Ancaq indi yeni münaqişə ocağı yarana bilər”.
Bunu Yunanıstanla İran arasındakı gərginlik və yeni münaqişə ocağının yaranma ehtimalını şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
İlyas Hüseynov bildirib ki, Yunanıstan hazırda milli maraqlarından çıxış etmir:
“Regionda Yunanıstan-İran qarşıdurması yeni bir haldır. Sonuncu baş verən proseslər heç də təsadüfi deyil. İran tərəfinin atdığı addım Yunanıstana cavab xarakteri daşıyır. Bir müddət öncə Rusiya bayrağı altında üzən tanker yunanlar tərəfindən saxlanılmışdı. O tankerdə daşınan neft İrana məxsus idi. Tanker saxlanıldıqdan sonra orada olan neftin ABŞ gəmisinə yüklənməsi onu deməyə əsas verir ki, İran nefti ABŞ tərəfindən müsadirə olunub. İran tərəfinin isə Yunanıstana aid 2 tankeri saxlaması və müsadirə etməsi məhz ABŞ və Yunanıstana cavab idi. Maraqlıdır ki, tankerin saxlanılması zamanı İslam İnqilabı Keşikçiləri Korpusu helikopterlərdən istifadə etdi. Bu, açıq şəkildə güc nümayişidir. Yunanıstan heç bir vəchlə indiki məqamda milli maraqlarından çıxış etmir. Yunanıstan Avropa ailəsi və NATO-ya üzv dövlətdir. Açıq şəkildə görürük ki, Yunanıstan başqa-başqa dövlətlərə qarşı istifadə edilir. Regionda Yunanıstanın silahlandırılması, müasir silahların verilməsi və müdafiə qabiliyyətinin artırılması gələcəkdə baş verə biləcək qarşıdurmalara hesablanır. Yunanıstana məxsus ələ keçirilmə ehtimalı olan 17 tanker var.
Ukrayna müharibəsi fonunda karbohidrogen ehtiyatlarına çox ciddi təlabat var. Tankerlər vasitəsi ilə daşınan neftin nəqlində baş verən insidentlər, tankerlərin müsadirə olunması və hərbçilərin bu prosesə qarışması qlobal enerji daşıyıcıları bazarına çox ciddi zərbə vurur. Yunanıstan-İran qarşıdurması fonunda siyasi manipulyasiyalar da baş verir. Bu da birjalara və fondlara təsir edən amildir. Regionda qeyri-stabillik formalaşır. Fars körfəzi üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi heç də yaxşı siyasi atmosferdən xəbər vermir.
Baş verənlər regionda sülhə və sabitliyə mənfi təsir edəcək amildir. Belə demək mümkündürsə, böyük bir coğrafiyada yeni münaqişə ocağı formalaşdırılır”.
Səxavət Məmməd