!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yunanıstan Türkiyəyə qarşı silahlandırılır: "Ankara təhlükəsizliyini təmin etmək məcburiyyətindədir" - Politoloq

!Reklam – Yazi

“Qərb yunanlardan Türkiyəyə qarşı bir qalxan kimi istifadə edir”.

Bunu Yunanıstanın Kiprlə bağlı iddialarını dəyərləndirən və Ankara ilə Afina arasındakı gərginliyi şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

İlyas Hüseynov bildirib ki, Qərb Türkiyəyə qarşı Yunanıstanı silahlandırır:

“Yunanıstanla Türkiyə arasında olan gərginlik, ziddiyyətlər, ittihamlar davamlı baş verir. Gərginlik artmaqda davam edir. Tarixə nəzər salsaq, Yunanıstanda “qara polkovniklər”in hakimiyyətə gəlməsindən sonra onlarda milli ideya formalaşdı. Onlar hətta kommunizm cərəyanını təmsil edirdilər, solçu idilər. Bunun yekununda Kiprdə türk kəsminin sıxışdırılması, onlara qarşı aqressiv davrandılar. Türkiyə öz vətəndaşlarını qorumaq məcburiyyətində qaldı. Bu problem BMT-nin vasitəçiliyi və İngiltərənin təşəbbüsləri ilə həll olunmalı idi. Ancaq problem hələ də müsbət həllini tapmayıb.

2004-cü ildə BMT-nin Baş katibi Kofi Annan həmin ərazidə referendum keçirilməsi ilə bağlı qərar verdi, ancaq referendum da istənilən nəticəni vermədi. Bu məsələ açıq olaraq qalır. Hazırkı beynəlxalq aləmdə baş verən hadisələrə baxanda görürük ki, Avropa, NATO, xüsusilə də ABŞ Türkiyəyə qarşı qərəzli və ikili standartlardan çıxış edən siyasət həyata keçirirlər. Alyansa üzv olan hər iki dövlət arasında fərq qoyulur. Türkiyəyə “Patriot” raketləri verilmir, F-35 proqramından çıxarılır, eyni zamanda, Yunanıstana F-35 qırıcıları, müasir katerlər verilir. Yunanıstanın hərbi baxımdan bu qədər gücləndirilməsinin bir səbəbi olmalıdır. Təbii ki, bu səbəb Türkiyəyə qarşıdır. Türkiyənin güclü ordusu var, NATO-da ikinci gücə malikdir, Avropanın təhlükəsizliyində böyük paya sahibdir. Bunun fonunda Yunanıstanın silahlandırılması münaqişəni həll etmək, problemləri aradan qaldırmaq əvəzinə, münasibətləri daha da gərginləşdirməyə xidmət edir. Buna görə də Türkiyə tərəfi haqlı olaraq öz narazılığını dilə gətirir.

Kiprin şelfində çox böyük həcmdə karbohidrogen ehtiyatı var və bunun üstündə də bir mübarizənin getdiyini görürük. Türkiyə geoloji kəşfiyyat işlərinin aparılması üçün bir sıra gəmiləri ərazilərə göndərdi və onlar F-16-larla müşahidə olundu.

Qərb yunanlardan Türkiyəyə qarşı bir qalxan kimi istifadə edir. Bu proseslərin sonu da yaxşı görünmür. Yunanlar NATO blokunda Fransaya güvənirlər və onlardan dəstək alırlar. Türkiyə də öz təhlükəsizliyini qorumaq məcburiyyətindədir.

Türkiyə ilə Yunanıstan arasında bir sıra görüşlər keçirilir, problemlər aradan qalxsın deyə işlər görülür, ancaq sanki kənar güclər bunu istəmir və dərhal gərginliyi artırmaq üçün gedişlər edirlər. Bu baxımdan, məsələlərin həll olması üçün Türkiyə ilə Yunanıstan özü dil tapmalıdır. Təəssüflər olsun ki, Yunanıstanın silahlandırılması davam edir və bu, Türkiyəni ciddi şəkildə narahat edir”.

Səxavət Məmməd

www.yenicag.az

386
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv