Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Yurdda sülh”ün caniləri

İrfan ÇİFTÇİ
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, şair və alim İrfan Çiftçi qardaş ölkədə 2016-cı ilin 15 iyulunda yaşanmış çevriliş cəhdilə bağlı yaşadıqlarını, təəssürat və düşüncələrini əks etdirən bir yazı qələmə alıb.

Bir sıra usta müəlliflərin bu mövzuyla bağlı geniş qeydlərinin yer aldığı “Uzun gecənin qısa tarixi: 15 iyul çevriliş cəhdi” adlı kitabda verilmiş həmin yazını oxuculara təqdim edirik.

İnşallah, yaşadıqlarımız geridə qoyduğumuz bir kabusdur… Məmləkətimizə, millətimizə, dövlətimizə və bütün varlığımıza tayı-bərabərini görmədiyim vəhşiliklə hücum edən bu xain və ağlını itirmiş haşhaşi xuntaçılara, onlara hər vəchlə dəstək, rəğbət göstərən daxili və xarici qüvvələrə həyatım boyunca lənət oxuyacağam.

İnsanın başına gəlmədikcə anlamayacağı hadisələrdən birini yaşadım. Həyatımda bir gün Türk əsgəri geyimində olan kəsləri bu qədər cani, canavar, gavur, yezid, terrorist, ağlını itirmiş və beynimi ağrıdan başqa pis kəlmələrlə təsvir edəcəyimi ağlıma gətirməzdim, heç yuxuma da girməzdi bu… Amma yaşadım, yaşadıq… Ömrüm boyu, əsgərliyim xaric, həqiqi silahla atəş açmamış bir insan olaraq saatlarla bir savaş yaşadım. Önümdən, sağımdan, solumdan güllələr keçdi, gözümün qabağında vurulan onlarla yaralını daşıdıq… Axan qanlarını, titrəyən bədənlərini hiss etdim, hissizləşdim….

Universitetdəki otağımda bir məqaləni bitirib çıxmağa hazırlaşırdım ki, saat 22:30 radələrində sosial şəbəkələrdən “tanklar hərəkətə keçib” mesajları gəlməyə başladı. Dost-tanışa zəng etdim, hamı müəmma içində idi… Cəld kitablarımı, çantamı toplayıb evə getmək üçün çıxdım. Saat 23:00 radələrində Vəznəçilərə gələrkən hər şey normal idi, metro işləyirdi, taksiyə minmək istədim, ancaq 5 dəqiqə içərisində birdən-birə sanki fırtına olmuş kimi, maşınlar sağa-sola şütüməyə başladı, dayanacaqdakı avtobuslar işıqlarını söndürüb sərnişinləri endirərək sürətlə uzaqlaşdılar. Heç olmasa bir az piyada gedib Şahzadəbaşından bir taksiyə minmək istədim… O an gözlərimə inana bilmədim: əsgərlər yolu kəsiblər, bəziləri də baryer qururlar. “Yəqin ciddi bir terror xəbəri var” – düşündüm. Yaxındakı əsgərdən: “Qardaşım, universitetdə müəlliməm, evə gedirəm, nə olub, yoxsa terror var?” – deyə soruşdum. “Biz sadəcə verilən əmri yerinə yetiririk, müəllim-filan demərəm, yaxınlaşsan atəş açaram” – dedi. Mən “ola bilməz” düşünüb bir iki addım atmışdım ki, arxadakı əsgər “gəlməyin” deyə bağırdı və silahının lüləsini mənə tərəf çevirdi. Donub qaldım, həmin məqamadək arxamda bir neçə nəfər toplanmışdı, universitetdən məni tanıyan təhlükəsizlik işçisi: “Müəllim, yol bağlıdır, geri, universitetə qayıdaq” – deyə məni çəkişdirirdi. Geri qayıtdıq, əşyalarımı qoyub bir neçə yerə zəng etdikdən sonra internetə baxdım: həqiqətən də hərbi çevriliş olurdu ölkəmdə. Dua edib, həyat yoldaşımla əlaqə saxlayandan sonra çıxmağa hazırlaşdım.

Elə bu anda prezidentin çağırışını eşitdim, dönüb stolumun üstündəki bayrağımı götürüb çıxdım. Həmin yerə gələrkən bəzilərini, üzdən tanıdığım insanları gördüm – dükançılar və əllərində bayraqlar olan başqa bir qrup adamlar oraya toplanırdılar… Əsgərlərlə danışmağa çalışanlar vardı. Ancaq əsgərlərin bəziləri çox sərt idi, biri isə əlində bayraq olan vətəndaşa: “Qardaş, biz də onun üçün burdayıq, nə olar yaxınlaşma, mənim də başımı bəlaya salma” – deyə yalvarırdı. Biz sağdan-soldan “əsgər, kazarmaya” deyə qışqıraraq, baryerin önünə doğru hərəkət edəndə arxadan bir serjant silahını çəkərək üstümüzə gəlməyə başladı. Məni tanıyan bir dükançı da: “İndi müəllim sizi başa salacaq” – deyə saf niyyətlə məni qabağa verdi. Gələn serjanta mən də sadəlövhlüklə: “Müəlliməm, baxın, bu etdikləriniz doğru deyil, prezident, baş qərargah rəisi, hamı buna qarşıdır, siz bir qrupun əlində oyuncaq olursunuz” – deyə yüksək səslə anlatmağa başladım. “Biz aldığımız əmrə baxırıq, ona deyil” – deyə bağırdı serjant… Bu vaxt söhbətə qoşulan birisi “bax, budur Ali Baş Komandanınızın əmri” – deyə Tayyib bəyin CNN-Türkdəki ilk çağırışını göstərməyə çalışdı. Adam daha da hiddətləndi, ağzından köpük saça-saça qışqırdı:

– Biz ondan əmr almırıq!

– Amma o sizin Baş Komandanınızdır! – deyə bağırdım.

– Müəllimsən, rədd ol get işinə! – deyə çəmkirdi və əsgərlərə “atəşə hazır olun” əmri verdi.

Bu arada toplanan insanlar baryerləri aşırmağa çalışarkən “atəş” – dedi. Əsgərlər havaya atarkən özü birdən-birə ayağımızın altına güllə yağdırmağa başladı. Güllələrin gerçəkliyini və vəziyyətin xəyal edə bilmədiyim qədər dəhşətli olduğunu ilk dəfə o anda hiss etdim və bədənimdən buz kimi tər axmağa başladı… “Görəsən vurulduqmu” – düşünərək qaçmağa başladıq. Şahzadə Məscidindən uzaqlaşaraq Saraçxana parkına girdik. Ağaclara daldalanaraq əsgərləri güdürdüm. Bu zaman Fatih tərəfdə insanlar toplanmağa başlamışdı, “Fetönün bicləri” – deyə sloqan atırdılar və arada o tərəfdəki polis havaya xəbərdarlıq atəşi açarkən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) girişindəki yoxlama nöqtəsində yerləşmiş əsgərlərin cavab atəşi ilə qarşılıq verdiklərini gördüm. Bu vəziyyət məndə hələ nə vaxt təsirindən çıxacağımı bilmədiyim zehni-mənəvi travma yaratdı.

Bu vaxt parkın qarşısında səslər yüksəldi. Biz tərəfdən biri “Fetönün biclərisiniz”- deyə əsgərlərə doğru getməyə başlamışdı ki, bir azdan geri qaçdı və gəlib önümüzdə “Kəlmeyi-Şəhadət”ini göyə doğru hayqıraraq qollarını və ayaqlarını açıb yerə yıxıldı. Biz bir ağacın arxasına sığındıq, yanımızdan güllələr vıyıltıyla keçirdi. Film kimi bir səhnəydi. Yanımda tanımadığım bir fotoqraf vardı. Bir-birimizə baxıb: “Görəsən, o yıxılan yalandan belə etdi?” – sualına cavab almaq istədik. Bir azdan o baxıb: “Qardaş, yox, qan axır”- dedi. Dərhal ambulans çağırdıq, gələn ambulansa da atəş açdılar, buna baxmayaraq, əyilə-qalxa, birtəhər yaralını maşına apardıq. Bu vaxt ərzində bir neçə nəfərlə danışdım. Jurnalist dostum İbrahim Kirasla əlaqə saxladım. “Burada insanları güllələyən qatillər var, Xüsusi Hərəkat lazımdır”- dedim. İbrahim də: “Erolu vurublar?”- deyərkən bir tərəfdən də güllə səslərini eşidirdi. “Sonra danışarıq, mən əlaqə saxlayım”- söylədi. Bir müddət sonra sağdan-soldan mülki şəxslər və xüsusi hərəkatçılar gəlməyə başladılar, həqiqətən uzun müddət qəhrəmanlıqla vuruşdular. Bu vaxt ərzində ağaclara daldalanaraq 8-10 yaralı daşıdıq və yaşamalı ömrümüz var imiş ki, sağ qaldıq. Saat 05:00 radələrində İBB azad edildi. Yenidən dostlara zəng etdim, 30 illik dostum, gənclik yoldaşım Erol Olçok və 16 yaşındakı can-ciyər oğlu Abdulla şəhid olmuşdu. Bu canilərə, bundan sonra FETÖ-dan su içənlərə Allah yağış suyunu əsirgəsin! Şəhid cənazələri var… Hələlik bu qədər, bütün bunlar kabusdumu? Hələ də tam inana bilmirəm.

Yenicag.az

www.yenicag.az

488
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM