Yusuf Çınar: “Türkiyənin Mərkəzi Asiyaya diqqəti heç vaxt azalmayıb”

“FETÖ Türkiyənin Mərkəzi Asiya ölkələri ilə qurduğu əlaqələri pozmaqdən hələ də əl çəkməyib”.

“Strategic Outloook” qurumunun rəhbəri doktor Yusuf Çınar Yenicag.az-a müsahibəsində Türkiyənin Mərkəzi Asiya ölkələri ilə siyasi-iqtisadi münasibətlərini dəyərləndirib.

– Son dövrlərdə Türkiyənin Mərkəzi Asiya bölgəsindəki mövqelərinin qismən zəiflədiyi iddia olunur. Bu iddialar nə dərəcədə əsaslıdır?

– Türkiyə “Soyuq müharibə” dövrünün başa çatmasından sonra Mərkəzi Asiya regionu ilə hər zaman ciddi əlaqələr qurmağa səy göstərib. Ancaq təəssüf ki, FETÖ-nun Mərkəzi Asiyada ciddi surətdə təşkilatlanması region ölkələrində Türkiyənin həyata keçirtdiyi sərmayəyə böyük zərər vurub və vurmaqdadır.

2016-cı il 15 iyul çevriliş cəhdinə qədər FETÖ həmin bölgədə iqtisadi-ticari məsələləri idarə edəcək gücə malik olub. Çevriliş cəhdindən sonra Türkiyə dövləti FETÖ-ya qarşı sərt tədbirlər görür və bunun nəticəsində həmin şəbəkə Türkiyənin Mərkəzi Asiya ölkələri ilə qurduğu əlaqələri pozmağa cəhd göstərir. Ancaq sözün həqiqi mənasında Türkiyənin Mərkəzi Asiyaya verdiyi əhəmiyyət və göstərdiyi diqqət heç vaxt azalmayıb.

– Münasibətlər qaydaya salındıqdan sonra Türkiyə Rusiyaya təqribən 10 milyard dollar investisiya yatırıb. Eyni zamanda, Ukraynanın turizm sektoruna yatırılan sərmayədə Türkiyənin payı sürətlə artmaqdadır. Bu fonda Türkiyənin Mərkəzi Asiya ölkələrində siyasi-iqtisadi təsirinin artacağı gözlənilirmi?

– Qeyd edim ki, 2015-ci ilin göstəricilərinə əsasən, Türkiyənin Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin həcmi 10 milyard dollara yaxın olub. Bundan başqa, Türkiyə şirkətlərinin regiona yatırdıqları həqiqi investisiyanın həcmi təqribən 5 milyard dollardır. Bu rəqəmlərin ilk baxışda nə Türkiyəni, nə də Mərkəzi Asiya ölkələrini qane etdiyini söyləmək çətindir. O baxımdan, həm Türkiyənin, həm də region ölkələrinin qarşılıqlı ticarət dövriyyəsinin artması üçün mövcud imkanlardan maksimum yararlanmalarına ehtiyac var.

Yəni bu çərçivədə Türkiyə ilə Mərkəzi Asiya ölkələrinin böyük investisiyalar üçün Çin və Rusiyanı gözləməkdənsə, özlərinin münasib alternativlər axtarmaları daha düzgün olardı.

Nəzərə alaq ki, Türkiyənin Mərkəzi Asiya ölkələrinin inşaat və turizm sektorundakı fəallığı ilə regiondakı təsir imkanlarını genişləndirməsi çətin olar. Yəni Türkiyədən Mərkəzi Asiya ilə iqtisadi əlaqələrini sadəcə, təbii ehtiyatlar üzərində qurmaq əvəzinə, daha effektli siyasət yürütməsi tələb olunur. Başqa sözlə, tərəflər ticarət əlaqələrini genişləndirməyə səy göstərməlidirlər. Türkiyə ilə Mərkəzi Asiya ölkələrinin birgə layihələrində fon məsələsinin – yəni tərəflərin mümkün maddi itkiləri ödəməyə çətinlik çəkmələri bölgədə Çin və Rusiyanı daha effektli aktyora çevirir.

– Türkiyə Qazaxıstan və Mərkəzi Asiya ölkələri ilə münasibətlərində mövcud potensialdan tam istifadə edə bilirmi?

– Burada Türkiyə-Qazaxıstan əlaqələri Türkiyənin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini dərk etmək üçün bir “yol göstəricisi” ola bilər. Türkiyənin Qazaxıstana əsas ixrac məhsulları zinət əşyaları, plastik məhsullar, inşaat materialları, xalılar, döşəmə örtükləri və digər mallardır. Qazaxıstandan Türkiyəyə əsasən, xam neft və təbii qaz idxal edilir. Buradan belə nəticə çıxır ki, Türkiyə ilə Qazaxıstan arasında xammala əsaslanan iqtisadi əlaqələr var. Ancaq tərəflərin qarşılıqlı ticarətdə texnoloji məhsullara yönəlmələri olduca vacibdir. Bu, baş vermədikcə, Türkiyənin Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrində xammal əsas rol oynayacaq.

A.Zeynalov
Yenicag.Az

COP29