İtaliyanın “Yuventus” klubunun 19 yaşlı müdafiəçisi Andrea Melani karyerasını erkən başa vurmalı olub.
Yenicag.az xəbər verir ki, buna onun ürəyində problem aşkarlanması səbəb olub. Bu barədə qərarı gənc futbolçu sosial şəbəkə vasitəsilə bəyan edib:
“17 iyul, 2017-ci il. Bu günü heç vaxt unutmayacağam. Həmin gün mənim ürəyimdə problem aşkarlandı. Bu üzdən də meydana tez-tez çıxa bilmirdim. Amma nə etmək olar? Bundan sonra futbol oynaya bilməyəcəyəm. Amma yaxşı xəbər də var – bu xəstəlik mənim həyatım üçün təhlükə yaratmır”.
Qeyd edək ki, bu problem futbolçunun aşağı liqa təmsilçisi “Masseze”yə icarəyə verilərkən tibbi yoxlanışdan keçirilməsi zamanı aşkarlanıb. Turin klubu gənc oyunçusunun müalicəsi üçün bütün xərcləri ödəyib. Lakin müalicənin sonunda da həkimlər ürəkaçan qərar verməyiblər. Onlar futbolçuya bu sahədən birdəfəlik uzaqlaşmaq lazım olduğunu bildiriblər.
Melani B Seriyasında mübarizə aparan “Karpi”də də icarədə oynayıb. O, karyerası ərzində bütövlükdə 63 rəsmi oyuna çıxıb, iki qola imza atıb.