“Donetsk və Luqansk istiqamətində hərbi aktivliyin azalması Ukraynanın zəifləməsi anlamına gəlmir”.
Bu fikirləri Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynanın ötən ildən başlayan və gözlənilən nəticəni verməyən əks-hücum kampaniyasını davam etdirmək hazırlığına dair gözləntiləri şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Rövşən Məhərrəmovun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin yaxın perspektivdə yekunlaşmaq ehtimalı çox aşağıdır:
“Hazırda müharibənin dayanma ehtimalı yox səviyyəsindədir və bunun da əsaslı səbəbləri var. Qərbin Ukraynaya ayıracağı maliyyə yardımını azaldacağı bildirilsə də, bu ölkədə artıq artilleriya və aviasiya mərmilərinin, o cümlədən, PUA-ların istehsalına başlanılıb.
Gözlənildiyi kimi, Ukraynanın əks-hücum kampaniyası gözlənilən nəticəni vermədi. Çünki Rusiya buna hazırlıqlı idi və hücumları dəf etmək üçün zəruri tədbirlər görmüşdü. Eyni zamanda, Ukrayna ordusu hücum zonasındakı minaların təmizlənməsində səriştəsizlik göstərdi və bu da əməliyyatların gedişinə ciddi təsir etdi.
Qərb ölkələri Rusiyanı zəiflətməyə çalışsalar da, buna nail ola bilmirlər. Rusiya nəinki zəifləməyib, əksinə, silah-sursat istehsalını da kifayət qədər genişləndirib. Bunun nəticəsində də hərbi arsenalını sabitləşdirməyi bacarıb.
Müharibənin mövcud gedişinə baxdıqda, Ukraynanın hazırda Kırımı əsas hədəf seçdiyi görünür. Yəni əsas diqqət o istiqamətə yönəldilib və Krıma ağır zərbələr endirilir. Digər tərəfdən, Donetsk və Luqansk istiqamətində hərbi aktivliyin azalması Ukraynanın zəifləməsi anlamına gəlmir.
Dediyim kimi, müharibənin yaxın perspektivdə başa çatma ehtimalı çox aşağıdır. Ukrayna ordusu ölkənin ərazi bütövlüyünü tam bərpa etsə belə, müharibə yekunlaşmayacaq. Çünki rusların xislətində var, onlar hər hansı hədəfə çatmamış dayanmayacaqlar. Bunu tərəflərin özləri də dərk edir”.
Səxavət Məmməd