!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yüzillik yalanın sonu – VİDEO – FOTOLAR

!Reklam – Yazi

photo_7423Avropa İnsan Haqları Məhkəməsi “erməni soyqırımı” mifini inkar edənlərin cəzalandırılmasını qadağan edib

Qədim məsəl var: “Yalan ayaq tutar, amma yeriməz”. 1915-ci ildə, guya, Osmanlı İmperiyasında törədilmiş qondarma “erməni soyqırımı” ilə bağlı mifə də ötən həftə Avropa femidası tərəfindən məhvedici zərbə vuruldu. Gəlin, hadisələrin xronologiyasına nəzər salaq…

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası oktyabrın 15-də “Doğu Perinçekin İsveçrəyə qarşı” işi üzrə yekun hökm çıxarıb. Hakimlər kollegiyası İsveçrə hökumətinin, erməni diasporunun və Ermənistanın özünün apelyasiyasını səs çoxluğu ilə rədd edib, “erməni soyqırımı”nın tarixi fakt yox, fərziyyə olduğunu açıqlayıb. Məhkəmənin qərarına əsasən, bu mifin inkarına görə hər hansı təqib Avropa İnsan Haqları Konvensiyasının ifadə azadlığı ilə bağlı 10-cu maddəsinin pozulmasından başqa bir şey deyil.

Məhkəmənin hökmündə deyilir: “1915-ci il hadisələrinin mahiyyəti və xarakteri mübahisəli olaraq qalır. Bu hadisələri xarakterizə edən məhkəmə qərarı yoxdur. 1915-ci ildə yaşananlar İkinci Dünya müharibəsi zamanı baş vermiş yəhudi Holokostundan məhz bununla fərqlənir. 1915-ci il hadisələri tarixçilər arasında diskussiya, mübahisə mövzusudur. Başqa sözlə, parlamentlər bu məsələ ilə bağlı hər hansı qərar qəbul etmək hüququna malik deyillər. 1915-ci il hadisələrinin soyqırımı olduğunu inkar etməyə görə cinayət məsuliyyətinin nəzərdə tutulması sağlam düşüncəyə ziddir. Bu cür repressiyalar və qadağalara Avropa İnsan Haqları Konvensiyası çərçivəsində baxılması mümkün deyil”.

Bir daha qeyd edək ki, AİHM-nin son instansiyasının qərarına görə, “erməni soyqırımı”nın inkarı, yəni, həqiqətin söylənilməsi apriori qanunsuzluq sayıla bilməz. Məhkəmənin bu qərarı həm də parlamentləri 1915-ci il hadisələrini “soyqırımı” kimi tanınmış ölkələrin imicinə zərbədir. Çünki AİHM-nin yekun qərarı Avropa Şurasının üzvü olan 42 dövlətin üzərinə birbaşa, digərlərinin üzərinə isə beynəlxalq hüquq çərçivəsində öhdəlik qoyur.

Beləliklə, “erməni soyqırımı” barədə fərziyyələr yalnız elmi dairələr tərəfindən müzakirə oluna bilər. Bununla bağlı məhkəmə qərarı Avropadakı bənzər hadisələr üçün də presedent yaradacaq.

Bu tarixi qərar türk siyasətçisi Doğu Perinçekin və silahdaşlarının getdikləri uzun və məşəqqətli yolun nəticəsidir.

Yaşananların tarixçəsi…

2005-ci ildə Doğu Perinçek türk Kiprinin mərhum lideri Rauf Denktaşla birlikdə İsveçrədə bir neçə konfransda iştirak edib. O, çıxışlarının birində Osmanlı İmperiyası dövrünə aid “erməni soyqırımı”nı “imperialist yalan” adlandırıb. Bundan sonra “İsveçrə-Ermənistan” assosiasiyası türk siyasətçini məhkəməyə verib. 2007-ci ildə Lozanna məhkəməsi Perinçeki irqi ayrı-seçkilikdə təqsirli bilib. Lakin o, İsveçrəni söz azadlığını pozmaqda günahlandıraraq, 2008-ci ildə qərardan AİHM-ə şikayət edib. 2013-cü il dekabrın 17-də AİHM Perinçekin xeyrinə qərar çıxarıb. 2014-cü ilin martında isə İsveçrə qərardan apelyasiya verib. 2015-ci il yanvarın 28-də istər ifadə azadlığı hüququnun müdafiəsi, istərsə də tarixi ədalətin bərpası baxımından həyati əhəmiyyətli məhkəmə prosesi keçirilib. Məhkəmə zamanı Türkiyənin maraqlarını D.Perinçekin özü müdafiə edib. O, İsveçrə və Ermənistandan olan vəkillərlə şəxsən mübarizə aparıb. Vəkillər arasında Hollivud aktyoru Corc Kluninin xanımı Amal da olub. Onun prosesdə iştirakı isə əlbəttə ki, dünya erməniliyinin beynəlxalq birliyin diqqətinə cəlb etməyə yönəlmiş növbəti ucuz cəhddən başqa bir şey deyildi.

Maraqlıdır ki, İsveçrə tərəfinin fikrincə, “erməni soyqırımı”nın inkarına icazə vermək, Ermənistanın tarixi saxtakarlıqda günahlandırılması kimi qiymətləndirilməlidir. Perinçek tərəfi isə müdafiəni “erməni soyqırımı”nın hamının qəbul etdiyi fakt olmaması üzərində qurub. “Məhkəmə iclasının çərçivələrindən çıxmamaq üçün biz erməni dövlət xadimlərinin bizim haqlı olduğumuzu təsdiqləyən tarixi etiraflarını gündəmə gətirmək istəmədik. Əsas hədəfimiz isə “erməni soyqırımı”nın inkarının istənilən azad insanın haqqı olduğunu sübuta yetirmək idi”, – deyə D. Perinçek bu məqalənin müəllifinə məhkəmədən sonra verdiyi açıqlamasında bildirib.

Perinçek AİHM-nin son instansiyasında qazanılmış qələbədən sonra vətəninə dönər-dönməz “R+” jurnalının oxucuları üçün açıqlama verib: “Əlbəttə ki, bu, yalnız Türkiyənin yox, həm də Azərbaycanın və bütünlükdə Türk Dünyasının qələbəsidir. Biz başıuca yaşamağa öyrəşmiş xalqıq. Biz saxtakarlığa və yalana əsaslanan tarixi təzyiqlər qarşısında davam gətirdik. Davam gətirdik və qalib gəldik. Bu qələbənin xüsusilə Qarabağın azad olunması baxımından önəmini qeyd etmək istərdim. Dünya erməniliyinin təbliğatında məqsəd Dağlıq Qarabağda Azərbaycan türklərinə qarşı törətdiklərini leqallaşdırmaq, bu əməllərə haqq qazandırmaqdır. Guya, onlar 100 il əvvəl soyqırıma məruz qalıblar və vətənlərini itiriblər. İnanıram ki, AİHM-nin Böyük Şurasının qərarı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə dərhal son qoyulmasına kömək edəcək. Biz bu qərardan bütün beynəlxalq arenalarda istifadə etməyə çalışacağıq. “Erməni soyqırımı” barədə yalan 100 il əvvəl imperialist qüvvələr tərəfindən uydurulub. Bu gün Avropa Məhkəməsi, ən azı, bu məsələnin parlamentlərin gündəliyinə salınacaq mövzu yox, elm xadimlərinin işi olduğunu etiraf etmək məcburiyyətində qalıb. Demək, biz ayrı-ayrı ölkə parlamentlərinin “erməni soyqırımı”nın tanınması barədə qərarlarına qarşı mübarizə aparmaq hüququ qazanmışıq. Yəni, tarixi həqiqətin bərpası üçün növbəti addımları atmaq imkanımız var. Bu məsələdə hər zaman azərbaycanlı qardaşlarımızın dəstəyini hiss edəcəyimizə şübhəm yoxdur. Bir daha əminliklə deyirəm ki, Azərbaycanın əzəli torpağı olan Qarabağ bizim ərazimiz, bizim Vətənimizdir. Odur ki, mən Azərbaycan barədə danışarkən heç zaman söhbətin hansısa yad ölkədən getdiyini düşünmürəm. Mən öz Vətənimdən danışıram və əminəm ki, bu hisslər bütünlükdə Türkiyəyə aiddir. Bir daha qeyd etmək istəyirəm ki, bu qərar əlimizdə həm də Qarabağın azad edilməsi üçün bir silaha çevriləcək”.

Bundan sonra necə olacaq?

D. Perinçekin sözləri ilə razılaşmamaq mümkün deyil. Dünya erməniliyi “erməni soyqırımı” barədə mifdən hərtərəfli istifadə etməklə, uzun müddət Azərbaycan torpaqlarındakı əməllərinə haqq qazandırmağa çalışıb. Onlar bu “fakt”a əsaslanaraq, ASALA-nın Türkiyənin diplomatik korpusuna qarşı törətdikləri cinayətlərə də haqq qazandırıblar. Soyqırımı barədə mifin darmadağın edilməsi, şübhəsiz ki, beynəlxalq arenada Azərbaycanın da mövqelərini gücləndirəcək.

Beynəlxalq arena barədə danışarkən bir məqamı da unutmaq olmaz: “erməni soyqırımı” məsələsi uzun illər Qərb ölkələrinin Türkiyəyə əsas təzyiq rıçaqı olub. Çünki bu mifi 100 il əvvəl elə onların özləri yaradıblar. Əlbəttə ki, onların bundan sonra Türkiyəyə münasibətlərini dəyişəcəyini gözləmək olmaz. Sadəcə, “erməni soyqırımı” o qədər həyasız və arsız mifdir ki, hətta Türkiyənin əleyhinə olan Avropa ölkələrinin hüquqi instansiyaları belə, onu sonadək “malalaya” bilmirlər.

“Erməni soyqırımı” barədə mifə ənənəvi olaraq, 3 müstəvidə baxılır: tarixi, hüquqi və siyasi. Tarixi baxımdan “soyqırımı fərziyyələri”nin izi-tozu çoxdan yox olub. Türkiyə, Azərbaycan və digər ölkələrdən olan tarixçilər yalançı erməni alimlərinin iddialarının əsassız olduğunu çoxdan sübuta yetiriblər. Hər halda, “erməni soyqırımı” barədə danışan “ənənəvi” mənbələrin – Henri Morqentau, Arnold Toynbi və ya daha da pisi, “Andonyanın sənədləri”nin siyasimotivli olması, saxtalığı və qərəzliliyi çoxdan sübuta yetirilib. “Tarixi” fərziyyələrinin perspektivsizliyini anlayan dünya erməniliyi saxtakarlıqlarının ifşasından “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunlarla qurtulmağa çalışıb. Bu işdə o, öz lobbisindən və bir sıra Qərb dövlətlərinin anti-Türkiyə ritorikasından da istifadə edib. Lakin AİHM-nin son qərarından sonra, ermənilər hüquqi müstəvidə də məğlubiyyətə uğrayıblar. Prosesin iştirakçısı İsveçrə olsa belə, reallıqda məğlub tərəf Ermənistan və erməni diasporudur. Çünki bir sıra ölkələr (erməni diasporunun son dərəcə güclü olduğu bəzi Cənubi Amerika ölkələri istisna olmaqla) “erməni soyqırımı”nı tanıması bir sıra məqsədlərlə bağlı olub: bu amildən Türkiyəyə qarşı istifadə etmək, Ermənistanla yaxınlaşmaq, idealda isə Ermənistanda öz “beşinci kalon”unu gücləndirmək, onları hakimiyyətə gətirmək və Rusiyaya daha bir başağrısı yaratmaq.

Başqa sözlə, dünya erməniliyi 100 ildə heç nəyin dəyişmədiyini ya anlamır, ya da anlamaq istəmir: onlar imperialist qüvvələrin əlində Türkiyəyə qarşı alət olublar və olaraq qalırlar. Alətin istifadə olunduqdan sonra hansı taleni yaşadığını isə hər kəs bilir. Ermənistanda ötən həftə baş verənlər bu mənada kifayət qədər xarakterik sayıla bilər.

İrəvanda keçirilən beynəlxalq konfransda “soyqırımın əvəzinin ödənilməsi” məsələsi müzakirə olunub. Xatırladaq ki, Kilikiya Böyük Evinin katolikosu, bütün ermənilərin katolikosu Qareginin yerinə “Daşnaksutyun”un və Qərbdəki erməni diasporunun namizədi olan Birinci Aram artıq Türkiyənin Konstitusiya Məhkəməsinə iddia ilə müraciət edərək, Türkiyənin Adana vilayətindəki Kozan şəhərində yerləşən monastırın “geri qaytarılması”nı tələb edib. Sözügedən konfransdan sonra, daha hansı “ağıllı” addımların atılcağını tezliklə biləcəyik. Hələliksə, Doğu Perinçekin də dediyi kimi, bir şey məlumdur: mübarizə yeni başlayır. Bu, azadlığın, maarifçiliyin cəhalətlə mübarizəsidir. Motivlərindən asılı olmayaraq, AİHM-nin son qərarı yalan və saxtakarlıqla mübarizədə həqiqətin mövqeyini gücləndirib.

 

https://youtu.be/v3z1Q8sDixU

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv