UOLRIKIN ERMƏNİCƏSİ, QƏNİRƏNİN ATƏŞİ
Karen Mirzoyanın Amerika səfəri zamanı hansı dildə danışdığının sizin üçün bir fərqi varıydımı? Əslində olmamalıdır.Çünki Krıma sanksiya tətbiq edənlərin Rusiyaya görə ingiliscə,Azərbaycanı cəzalandırmaq istəyənlərinsə,ermənicə danışması bizim üçün daha əhəmiyyətlidir
.
Uolrikin Ararat konyakının təsiri altında “Sarı gəlini” qədim Hayastan mahnısı kimi ifa etməsindən danışmayıb ABŞ-ın skripaçları olan sözçülərinə diqqət kəsilməyiniz də bir ayrı mənəviyyat qabarmasıdır.
Dağlıq Qarabağ nazirinin müstəqil dövlətin təmsilçisi kimi okeanın o tayına hansı pasportla getməsini Federal sərhəd xidmətindən soruşan heç bir virtual və real qəhrəmanımız olmayıb. Hər halda 2 gündür Qənirə Ataşovanın üstünə süngü ilə gedənlərin Azərbaycan sərhədindən və səngərindən qopub Kirbiyə köklənməsi Mirzoyanın səfərinin ən uğurlu nəticəsi sayılmalıdır. Artıq çoxlarına müharibənin tankı-topu və itkiləri deyil, qanlı savaşların taetral quruluşu,sənətkarlıq keyfiyyəti və incəsənət növü əhəmiyyətlidir.Sən demə,düşmənin doğurduğu təhlükə yox,onun vurduğu zərbələrin estetik mahiyyəti önəmliymiş.
Adamlar,siz Depatamentə ingiliscə bir məktub yazıb bakolarla,nairalarla amerikalı diplomatların eyni ağızla danışmalarını və yemələrini qınamamısızsa,onda nə haqla başqasını ittiham edirsiz?
Karenə vizanı siz vermiş oldunuz.Qəzəbiniz o qədər artıb ki,torpaqları tutduğuna və işğala beynəlxalq təqdimatlar keçirdiyinə görə düşmənə heç bir nifrət hissiniz qalmayıb.Məğlubiyyətlə barışmaq buna deyərlər.
Güclü ermənini qoyub uduzmuş həmvətəninizə qarşı kökləklənmək daha asandır.Siz soydaşınızın səhvini düzəltməklə məşğul deyilsiniz,əksinə müharibədəki gücsüzlüyümüzə görə öz millətimizə yüklənməklə əlinizə keçən hər fürsətdən,yaxud qandaşınızdan və qardaşınızdan intiqam almağa hazırsınız.
Yəqin,bir gün Qarabağın müstəqilliyini tanıyacaq dövlətin günahını da Qənirənin üstünə yıxmaq üçün Ağ Evdən ələdüşmə bəhanə tapmısınız. Kirbilərin anlamadığı sualın arxasında dayanan işğalı qoyub hamınız İngilisin dilində danışırsız.
Bir vaxtlar eynən rus dilindən kəsilənlər də ictimai repressiyanın hədəfinə tuş gəlirdilər.Lakin 70 il sonra millətin azadlığı uğrunda canını fəda edənlər birdillilər oldu..Ona görə də Vətənin bir parçasının öz əlimizdə olmadığına görə bizə daha çox tənə edildiyindən danışmalıyıq,nəinki kiminsə linqvistik “xəta”sından!
Son günlər Azərbaycana sanksiya tətbiq edən Konqres üzvlərinə Yerevandan gedən ianələrdən və raportlardan danışanları Qənirə xanımı linç etməyə hazırlaşanlarla tutuşduranda Kris Smitə Azərbaycandan daha çox kömək edildiyinə əmin oluram.Ölkədən şikayətçi düşənlər indi əsəb içərisində hakimiyyətin əleyhinə olan hər kəsə-o hətta erməni də olsa-yardım etməyə hazırdılar:təki bu iqtidardan xilas olsunlar. Bolşeviklər də beləcə Nikolayı devirmək naminə Rusiyanın Avropadan olan bütün düşmənlərinə sığınmışdılar.
Bir gün Qarabağı de-yure tanıyacaq dövlət qarşınıza çıxanda indi bütün növ qılınclarınızı sınadığınız bir xanım jurnalisti xatırlamağa başlayacaqsınız.Bax onda mərdliyi və cəsarəti ilə hərbi-siyasi-informasiya meydanında seçilən Qənirə ən sərrast ATƏŞlərini sizə deyil,düşmənə vuracaq.Bəli,sizin arzuladığınız ingilisin dilində!