Ötənlərdə Milli Məclisdə bir qavğa qalxdı. Məclisin aparıcısı (və ya spiker) Oqtay Əsədov millət vəkili Zahid Orucun çıxışını yarıda kəsib sözünü tamamlamağa imkan vermədi: “Səsini kəs, otur yerində”.
Ümumiyyətlə, səs elə bir zaddır ki, ancaq o çıxdığı halda ətraf nədənsə hali olur. Amma susmaq gerçəkdən də qızıldır. Məsələn, Aristotel deyirdi ki, “axmaq adam susana qədər dahidir”.
Zahid Orucu isə dərin mütailəsi və böyük dünyagörüşü ilə yanaşı vicdanı susmağa qoymur. O, susa bilmir.
Yadıma gələni odur ki, o, məclis sədri Oqtay Əsədovun təhqir etdiyi ilk deputat deyildi.
Ortaya maraqlı sual çıxır. Oqtay Əsədov niyə təqhir edir və ya Oqtay Əsədov niyə məhz ağzına su alıb susanları deyil, danışanları, səsini çıxaranları təhqir edir? Və ya Oqtay Əsədov xalqı aşağılayan, təhqir edən deputatları deyil, məhz Zahid Oruc kimi xalqının dərdinə yananları təhqir edir?
Əzizilərim, yəqin ki, siz “Həzrəti Yusif” serialına baxmısınız. Serialda Yusif peyğəmbərin zindandan azad olunmasının səbəbini də xatırlayırsız yəqin? Yusif peyğəmbəri zindandan xilas edən əslində onun düşmənlərinin bacarıqsızlığı oldu. Misiri ayağının altına alıb, istədiyi kimi fırladan Amon məbədinin kahinlərinin boş başı Yusifin zindandan xilasına kömək oldu.
Yəni Amon məbədinin kahinləri fironun yuxusunu yoza bilsəydilər Yusifə də ehtiyac qalmayacaqdı.
Amma ömrü boyu xalqın başını piyləyib, özünü Allah adlandıran və ac, avam xalqı soyub qanını içən, haram yeməkdən qarınları şişən kahinlər o qədər nadan idilər ki, öz sahələrinə aid olan sadəcə yuxunu da yoza bilmədilər.
Bu kahinlər ona görə yuxunu yoza bilmədilər ki, yarandıqları gündən bir amalla yaşayırdılar: xalqı aldatmaq, xalqın bəsirət gözünü bağlayıb qazancını əlindən alıb yemək və pul, var -dövlət yığmaq.
Amma tarix sübut edib ki, indiyə qədər heç bir cahili, xalqın qanını soran heç bir fironu xalqın alın təri olan milyardlar xilas edə bilməyib.
Amon məbədinin kahinləri tuluğa dönən qarınlarından başqa digər nəsnəylə də maraqlanmış olsaydılar, o zaman beyinlərini azacıq işlətməli olacaqdılar və Yusif, onların düşmən elan etdikləri Yusif də azad olunmaycaqdı.
Amma belə olmadı. Peyinlə dolu tuluğa dönmüş qarınlarının üstündəki, haram yeməkdən piylənmiş başlarının içi boş idi. Orada ancaq yalan, kin nifrət qərəz planları cızılırdı. Bu peyinlə dolu tuluqların bircə sevgisi var idi ki, o da buz kimi qızıla-sərvətə yönəlik olduğundan özləri də o qızıl kimi donub qalmışdılar.
Bəli, Firon yuxu görmüşdü. Firon yuxusundan narahat idi. Ona nələrinsə xəbər verildiyini, bunun əslində adi yuxu deyil, ilahi mesaj olduğunu anlamışdı. Bəs kim yozacaqdı bu yuxunu?
Ölkəni barmağında fırladan Amon mədədinin baş kahini və yuxuyozanları nə qədər fikirləşsələr də ortaya bir zad çıxara bilmədilər.
Yadıma bilirsiz nə düşdü? Deməli, Azərbaycanda manatın ilk çöküşü baş verib. Milli Məclisin deputatlarından biri bu xəbəri eşidib və belə reaksiya verib: Nə, manatın məzənnəsi düşüb? Heç xəbərim yoxdur, nə bilim”. Əlbəttə, bütün varidatı xarici banklarda dollarla, avrolarla, funt sterlinqlə yatırlanlar üçün manat öldü və ya boz eşşək öldü heç bir fərqi yoxdu.
Baxən, bu kahinlər də, Misiri gözləyən təhlkəni duymurdular. Çünki onlar Misiri sevmirdilər. Misir onlar üçün yemək anbarı olan Amon məbədindən ibarət idi.
Zavallı Misir xalqı isə varını və sevgisini bu məbədə daşıyırdı. Bütün amacı ancaq qarnı ilə cibini doldurmaq olan kahnilərə və kahinbaşıya bundan başqa nə lazm idi?
Beləcə, Amon məbədinin baş kahini Alex Mahu məbədin baş yuxuyozanını ağacının altına salıb döyür, başını yarır, sonra isə yanındakılara tapşırır ki, onu öldürüb köpəkbalıqları olan çaya atsınlar. Səbəb isə sadə idi. Baş yuxuyozan Yusifin yuxunu düz yozduğunu təsdiqləmişdi. Baş yuxuyozanın ən böyk günahı səsini çıxarması və həiqiqəi söyləməsi olmuşdu.
Baş kahin Alex Mahu baş yuxuyozana elə fironun sarayında acıqlanır: “Axmaq qoca, hələ də harada ağzını açmağı, harada səsini kəsməyi bilmirsən. Kəs səsini, otur yerində”.
Bəzi yazılmmaış ilahi qanunlar var. O qanunlar ki, Misir hökumətini saymayan Amon məbədində höküm sürürdü. Alex Mahu Misiri ayağının altında ayaqlayan Amon məbədində öz qanunlarını qurmuşdu və hökuməti vecinə almadan bəy balası kimi öz kefinə yaşayırdı. Amma adı HAQQ olan bir gün o, Yusifi qaranlıq zindandan çəkib çıxardı. Axı əsl zindanlıqlar bayırda idi və özlərini xalqın başbiləni kimi göstərirdilər.
P.S
Ramazan ayını həmişə olduğu kimi oruc tutdum və hər iftarımı bu dua ilə başladm: Ey, Yunusu dənizin dibindən, Yusifi qaranlıq zindandan xilas edən Allahım, BİZİ ƏDALƏTSİZLİK QUYUSUNDAN XİLAS ET! AMİN!